Bakı oyunu dəyişir: Avrasiyanın dəhlizləri Azərbaycandan keçir - MƏQALƏ

Cənubi Qafqaz və ümumilikdə Avrasiya məkanı son illərdə yeni geosiyasi mərhələyə qədəm qoyub. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, alternativ nəqliyyat xətlərinə tələbatın artdığı mövcud mərhələdə Azərbaycan öz coğrafi üstünlüyünü real iqtisadi və siyasi dividendlərə çevirmək istiqamətində ardıcıl və inamlı addımlar atır. Ölkəmiz artıq yalnız enerji ixracatçısı kimi deyil, eyni zamanda mühüm tranzit-logistika mərkəzi kimi çıxış edir.
Son illərdə həyata keçirilən sistemli infrastruktur siyasəti Azərbaycanın beynəlxalq tranzit xəritəsində mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirəsində iştirakı və çıxışı bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bir çox ölkələrin ərazisindən keçən marşrutlar boyunca hamı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə uzanan neft kəməri, Bakıdan İtaliyaya qədər gedən qaz kəməri kimi transmilli layihələrə start verib və onların icrasına uğurla rəhbərlik edib. Bu isə Avrasiyanın geniş coğrafiyasında əməkdaşlıq üçün güclü siyasi zəmanət yaradır.
Azərbaycan əməkdaşlığı genişləndirərək və real bağlantılar formalaşdıraraq region ölkələrinin və tərəfdaşların maraqlarını nəzərə alan unikal model təqdim edir. Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə paralel şəkildə inkişaf etdirilən nəqliyyat marşrutları ölkəni strateji qovşaq nöqtəsinə çevirib. Orta Dəhliz üzrə daşımaların 2022-ci ildən bəri təxminən 90 faiz artması təsadüfi statistika deyil. Bu dinamika alternativ marşrutlara tələbatın artdığını və Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Yüklərin daşınma müddətinin azalması isə logistikanın səmərəliliyinin mühüm göstəricisi kimi qiymətləndirilir.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz artıq Çin və Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən təhlükəsiz və səmərəli xəttə çevrilib. Bu marşrut siyasi sabitlik, müasir infrastruktur və çevik idarəetmə ilə seçilir. Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması planı Azərbaycanın uzunmüddətli strateji baxışının göstəricisidir. Bu, təkcə infrastrukturun genişləndirilməsi deyil, həm də artan yük axınına qabaqlayıcı hazırlıq deməkdir.
Zəngəzur dəhlizi, beynəlxalq müzakirələrdə TRIPP (Trans-Regional Integrated Peace Platform) kimi təqdim olunan layihə bu kontekstdə xüsusi yer tutur. Layihə yalnız yeni nəqliyyat xətti deyil, eyni zamanda regionda siyasi münasibətlərin normallaşmasına xidmət edən iqtisadi platformadır. Çindən başlayaraq Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə üzərindən Avropaya uzanan marşrut geniş coğrafiyanı əhatə edir və bu xətt boyunca iqtisadi inteqrasiyanı gücləndirməyi hədəfləyir.
Sülh sazişinin imzalanması real iqtisadi əməkdaşlıq layihələri olmadan dayanıqlı ola bilməz. Məhz bu baxımdan Zəngəzur istiqaməti uzunmüddətli sabitliyin iqtisadi dayağı kimi qiymətləndirilir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsini təmin etməklə yanaşı, regionda yeni iqtisadi imkanlar yaradacaq və özəl sektor üçün əlavə investisiya perspektivləri formalaşdıracaq.
Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kosun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində eyni paneldə səsləndirdiyi fikirlər də diqqət çəkib. O bildirib ki, Azərbaycan, Ermənistan və Türkiyə üçün konkret layihələr gündəlikdədir və bu baxımdan TRIPP Avropa İttifaqı üçün prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, layihə digər təşəbbüslərin reallaşmasına da təkan verə bilər. Naxçıvandan yeni dəmir yolu çıxışının əldə edilməsi bütün institutlar üçün maraqlıdır və bu prosesdə özəl sektorun iştirakı da mümkündür. Bu yanaşma göstərir ki, Avropa İttifaqı Azərbaycanın tranzit rolunu regionun sabitliyi və inteqrasiyası baxımından mühüm faktor kimi qiymətləndirir.
Azərbaycanın nəqliyyat habına çevrilməsində digər layihələrin də rolu böyükdür. Ələt Beynəlxalq Dəniz Limanı Xəzər hövzəsinin ən müasir limanlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında birbaşa dəmir yolu bağlantısı yaradıb. Ölkə ərazisində inşa edilən beynəlxalq hava limanları və müasir avtomobil yolları yük və sərnişin daşımalarının sürətini və səmərəliliyini artırıb. Şimal-Cənub dəhlizi isə Hind okeanından Rusiyaya və Avropaya uzanan alternativ marşrut kimi Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir.
Bütün bu təşəbbüslər ayrı-ayrı layihələr deyil, vahid və uzunmüddətli strategiyanın tərkib hissəsidir. Məqsəd Azərbaycanın coğrafi mövqeyini davamlı iqtisadi üstünlüyə çevirməkdir. Nəqliyyat infrastrukturu ölkəyə əlavə gəlir gətirməklə yanaşı, siyasi təsir imkanlarını da genişləndirir. Çünki tranzit ölkə olmaq etimad, sabitlik və qarşılıqlı asılılıq mühiti yaradır. Regionda sülhün və iqtisadi inteqrasiyanın əsas dayaqlarından biri məhz bu nəqliyyat bağlantılarıdır. Azərbaycanın formalaşdırdığı model göstərir ki, coğrafiya düzgün strateji siyasətlə birləşdikdə real geosiyasi üstünlüyə çevrilə bilir.
MTM Analitik Qrupu