Hindistan hərbi qüdrətini köklü şəkildə artırır

Hindistan hökuməti ölkənin hərbi qüdrətini köklü şəkildə artıracaq və təxminən 40 milyard dollar dəyərində olan nəhəng müdafiə paketini rəsmən təsdiqləyib. Təhlil.az xəbər verir ki, bu addım ölkə tarixinin ən böyük hərbi tədarüklərindən biri kimi qiymətləndirilir. Paketin əsas sütununu Hindistan Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 114 ədəd "Dassault Rafale" qırıcısının alınması təşkil edir. Razılaşmanın şərtlərinə görə, bu təyyarələrin 18 ədədi birbaşa Fransadan gətiriləcək, qalan 96 ədədi isə yerli sənayeni gücləndirmək məqsədilə "Make in India" proqramı çərçivəsində Hindistanın özündə istehsal olunacaq.
Hərbi arsenalın yenilənməsi təkcə aviasiya ilə məhdudlaşmır. Təsdiqlənmiş paketə həmçinin Hərbi Dəniz Qüvvələri üçün 6 ədəd "Boeing P-8I" patrul təyyarəsi, quru qoşunları üçün müasir tank əleyhinə raketlər və strateji əhəmiyyətli "SCALP" döyüş raketləri daxildir. Bundan əlavə, Hindistan ordusu kəşfiyyat imkanlarını genişləndirmək üçün yüksək hündürlükdə fəaliyyət göstərən xüsusi aerostat sistemləri ilə də təmin olunacaq. Bu kompleks satınalma Hindistanın həm regionda hərbi balansını qorumasına, həm də müdafiə sənayesində yerli istehsal potensialını zirvəyə daşımasına xidmət edir.