Dünən

Qlobal bazarlarda risk siqnalı: qızılın qiyməti 5 min dollara çatıb - ŞƏRH

Dünya əmtəə bazarlarında qiymətli metallar üzrə artım dalğası yenidən sürətlənib. ABŞ-ın COMEX birjasında qızılın bir unsiyası 0,96% və ya 47,4 dollar bahalaşaraq 4 995,8 dollar olub. Spot bazarda isə qızıl 1,12% və ya 55,11 dollar artaraq 4 977,3 dollar səviyyəsinə yüksəlib. Paralel olaraq, COMEX gümüşü 1,46% bahalaşaraq 76,81 dollara, mis 0,86% artaraq 583,5 dollar/funt səviyyəsinə çatıb. Spot platin isə 1,70% yüksələrək 2 039,29 dollar təşkil edib. Bu dinamika bazarlarda risk faktorunun yenidən gücləndiyini göstərir. Baxmayaraq ki, qızıl tarixən qeyri-müəyyənlik dövrlərində investorların üz tutduğu əsas “təhlükəsiz liman” aktividir. Son aylarda müxtəlif regionlarda artan siyasi gərginliklər, enerji marşrutları ətrafında qeyri-müəyyənlik və böyük güclər arasında rəqabətin dərinləşməsi investor davranışına birbaşa təsir edir. Risk iştahası azaldıqca kapital daha stabil və real dəyər qoruma funksiyası daşıyan alətlərə yönəlir. Qızılın qiymətinin 5 min dollara yaxınlaşması psixoloji baryerin sınağa çəkilməsidir. Bu həddin aşılması bazarda əlavə texniki alış siqnalları yarada və qısamüddətli spekulyativ axını gücləndirə bilər.

Analitiklər qiymət artımını inflyasiya gözləntilərinin yüksəlməsi ilə də əlaqələndirirlər. Əgər böyük iqtisadiyyatlarda qiymət artımı davamlı xarakter alarsa, real faiz dərəcələri aşağı düşə və qızıl daha cəlbedici aktivə çevrilə bilər. Çünki qızıl faiz gəliri verməsə də, inflyasiyaya qarşı qoruyucu alət kimi qəbul olunur. Mərkəzi bankların siyasəti burada həlledici rol oynayır. Pul kütləsinin genişlənməsi və ya faiz endirimləri ehtimalı qızılın qiymətini dəstəkləyən əsas makroiqtisadi amillərdəndir. Əksinə, sərt monetar siyasət və yüksək real faizlər qiymət artımını məhdudlaşdıra bilər.

Gümüş və platin kimi qiymətli metalların artımı təkcə “təhlükəsiz liman” effekti ilə izah olunmur. Bu metallar sənaye istehsalında geniş istifadə edilir. Mis isə daha çox sənaye və tikinti sektorunun barometri sayılır. Mis qiymətlərinin artması qlobal istehsal və infrastruktur layihələrinə dair gözləntilərin müsbət qaldığını göstərir. Beləliklə, bazarda iki paralel tendensiya müşahidə olunur. Birincisi, risklərə qarşı qorunma məqsədilə qızıl və platinə tələb artır. İkincisi, iqtisadi aktivliyin tam zəifləmədiyini göstərən sənaye metalları üzrə yüksəliş davam edir. Bu isə onu deməyə əsas verir ki, investorlar bir tərəfdən riskdən sığortalanır, digər tərəfdən isə qlobal iqtisadiyyatın tam resessiyaya düşəcəyinə inanmırlar.

Qızılın qiyməti ənənəvi olaraq dollarla ölçüldüyündən ABŞ valyutasının məzənnəsi də mühüm rol oynayır. Dolların zəifləməsi qızılı digər valyutalarla alan investorlar üçün daha ucuz edir və tələbi artırır. Eyni zamanda, fond bazarlarında volatillik yüksəldikcə portfellərin diversifikasiyası məqsədilə qızıla ayrılan pay artır. Bu baxımdan qızılın 5 min dollar səviyyəsinə yaxınlaşması həm fundamental, həm də texniki baxımdan əhəmiyyətlidir. Əgər artım əsasən geosiyasi risklərə əsaslanırsa, risklərin azalması ilə qiymətlərdə korrektə mümkündür. Lakin inflyasiya təzyiqləri və pul siyasətində yumşalma davamlı xarakter alarsa, bu, daha uzunmüddətli yüksəliş trendinə zəmin yarada bilər. İndi bazar iştirakçıları üçün əsas sual budur: bu artım qorunma instinktinin nəticəsidir, yoxsa yeni makroiqtisadi mərhələnin başlanğıcıdır? Hazırkı göstəricilər onu deməyə əsas verir ki, qızıl qlobal iqtisadi sistemdə dərin struktur dəyişikliklərinin indikatoruna çevrilir. Qeyri-müəyyənliyin davam etdiyi şəraitdə isə “sarı metal”ın gündəmdə qalacağı şübhə doğurmur.

MTM Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?