Pentaqon ikinci aviadaşıyıcı zərbə qrupuna Yaxın Şərqdə yerləşmək üçün hazırlıq əmri verib

ABŞ-nin maliyyə naziri Skot Bessent "Fox News" telekanalına verdiyi müsahibədə prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin əmri ilə əlavə hərbi qüvvələrin İrana doğru istiqamət aldığını bildirib. Təhlil.az xəbər verir ki, nazir hazırda davam edən danışıqların gedişatını qabaqlamaq istəmədiyini qeyd etsə də, administrasiyanın "resursları yerləşdirdiyini və müxtəlif hərbi variantları nəzərdən keçirdiyini" vurğulayıb.
"The Wall Street Journal" nəşrinin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Pentaqon ikinci aviadaşıyıcı zərbə qrupuna Yaxın Şərqdə yerləşmək üçün hazırlıq əmri verib. Beləliklə, "USS George H.W. Bush" aviadaşıyıcısı artıq regionda olan "USS Abraham Lincoln" gəmisinə qoşulacaq. Rəsmilərdən biri qeyd edib ki, yeni aviadaşıyıcının ABŞ-nin Şərq sahillərindən yola düşərək regiona çatması təxminən iki həftə ərzində baş tuta bilər.