Cey Di Vensin silinən postu: həqiqət uydurma tarixdən güclüdür - ŞƏRH

ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı baş verən "sosial media qalmaqalı" əslində təsadüfi bir texniki səhv deyil, Vaşinqtonun regiondakı strateji maraqlarının və Türkiyə kimi nəhəng bir güclə hesablaşmaq məcburiyyətinin bariz təzahürüdür. Vensin uydurma "erməni soyqırımı" ifadəsini işlədib, bir neçə dəqiqə sonra həmin paylaşımı silməsi həm Ermənistan, həm də dünya erməniliyi üçün ağır diplomatik şok effekti yaratdı.
Erməni lobbisinin onilliklər boyu təşviq etdiyi "1915-ci il hadisələri" təbliğatı, tarixi sənədlərə deyil, siyasi konyukturaya əsaslanan bir feyk (uydurma) narrativdir. Tarixi arxivlərin açılmasından qaçan Ermənistan tərəfi, bu məsələni elmi müstəvidən çıxararaq, bir təzyiq alətinə çevirməyə çalışıb.
Lakin Tramp administrasiyasının və şəxsən Vensin bu ifadədən dərhal imtina etməsi göstərir ki, Vaşinqton artıq bu uydurma iddiaların girovuna çevrilmək niyyətində deyil. Co Bayden administrasiyasının populist və daxili auditoriyaya hesablanmış "tanıma" addımından fərqli olaraq, hazırkı Ağ Ev reallığı dərk edir: Tarixi saxtakarlıqlar üzərində qurulan siyasət uzunömürlü ola bilməz.
Vensin postunu silməsinin kökündə dayanan əsas səbəb Türkiyənin bu gün çevrildiyi "böyük güc" statusudur. Türkiyə artıq sadəcə bir NATO müttəfiqi deyil, Yaxın Şərqdən Qafqaza, Avropadan Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyada söz sahibi olan müstəqil oyunçudur.
ABŞ-nin xarici siyasət strategiyası göstərir ki, Vaşinqton regionda Türkiyə ilə hesablaşmadan heç bir addım ata bilməz. Türkiyə ilə münasibətləri uydurma bir tarix naminə qurban vermək ABŞ-ın milli maraqlarına ziddir. Həmçinin, Ankaranın hərbi, siyasi və iqtisadi potensialı Ermənistanın rəmzi və əsassız iddialarından qat-qat üstündür.
Tramp administrasiyasının 2020-ci il Qarabağ müharibəsi zamanı sərgilədiyi "səssiz" mövqe də məhz bu reallıqdan – Türkiyə-Azərbaycan ittifaqının sarsılmaz gücü ilə hesablaşmaq zərurətindən qaynaqlanırdı.
Erməni Milli Komitəsinin (ANCA) Vensin bu addımını "inkar aktı" kimi qiymətləndirməsi əslində onların acizliyinin etirafıdır. Vens şəxsən bu hadisələri "dəhşətli" adlandırsa da, rəsmi postun silinməsi və onun əvəzinə neytral bir paylaşımın edilməsi dövlət səviyyəsində bu məsələyə verilən qiyməti göstərir. Erməni tərəfi üçün ən ağrılı məqam odur ki, ABŞ rəsmisi Ermənistanda rəmzi jestlər etsə də, real işləri və strateji müzakirələri üçün dərhal Azərbaycana yollanır.
Hazırda Vensin Azərbaycanda olması Vaşinqtonun prioritetlərini aydın şəkildə nümayiş etdirir. ABŞ üçün Cənubi Qafqazda real tərəfdaş rəmzi "göz yaşları" tökən Ermənistan deyil, regionun lideri, enerji təhlükəsizliyinin qarantı olan Azərbaycandır. Administrasiya yaxşı anlayır ki, Bakı və Ankara ilə qurulan strateji dialoq, erməni lobbisinin feyk iddialarından daha dəyərlidir.
Nəticə olaraq, Vensin silinən postu erməni təbliğat maşınının növbəti süqutudur. Dünya artıq uydurma tarixlə yox, Türkiyənin gücü və Azərbaycanın qələbəsi ilə formalaşan yeni reallıqla hesablaşır. Vaşinqtonun "real siyasət" kursuna qayıtması isə regionda sülhün və ədalətin bərqərar olması üçün ən doğru yoldur.
Azadxan Axundov