Fərhad Məmmədov: "Erməni diasporu sülh gündəliyini pozmağa çalışır" - AÇIQLAMA

“Fransa Milli Assambleyasının son anti-Azərbaycan qətnaməsi, hazırda Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə qarşı çıxan bütün qüvvələrin cəhdidir. Bu eyni zamanda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana səfəri ərəfəsində erməni diasporunun gözlənilən fəaliyyətidir”.
Bu fikirləri təhlil.az saytına açıqlamasında Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, Valday Diskussiya Klubunun eksperti Fərhad Məmmədov deyib.
O bildirib ki, erməni diasporunun sülh prosesi ilə bağlı fikirləri bir neçə yerə bölünüb:
“Birinci qrup Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərlə bağlı gündəliyini dəstəkləsə də, ikinci qrup ümumiyyətlə, dinc gündəmə qarşı olan ən radikal qrupdur. Onlar münaqişənin davam etməsini müdafiə edir və Paşinyanın parlament seçkilərində məğlub olmasını istəyirlər. Üçüncü qrup isə Avropa Birliyi və ABŞ-nin Azərbaycanla münasibətlərini müəyyən məsələlər, o cümlədən Qarabağ erməniləri ilə bağlı şərtləndirmək niyyətindədir”.
Ekspertin sözlərinə görə, erməni diasporunun Bakının müxtəlif qlobal oyunçularla münasibətlərinə təsir göstərmək üçün bir neçə mexanizmi var:
"O cümlədən, Azərbaycanın Avropa İttifaqı və ABŞ ilə münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş mexanizm. Qarabağ separatçılarının sözdə rəhbərliyini də narahat edən ilkin şərtlər. Məsələn, Bakıda məhkəmə qarşısına çıxan Harutyunyan, Vardanyan və digərlərinin azadlığa buraxılması. Amma onlar bununla kifayətlənmirlər. Erməni diasporunun bir hissəsi də işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpasına və ya TRIPP layihəsinin həyata keçirilməsinə investisiya qoyuluşuna, Bakının müxtəlif beynəlxalq layihə və proqramlarda iştirakına qarşı çıxır və 907-ci maddənin uzadılmasını tələb edirlər”, - Məmmədov qeyd etdi.
F. Məmmədov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşə də münasibət bildirib.
2025-ci ilin iyul ayında Əbu-Dabidə Azərbaycan və Ermənistan nümayəndələrinin ilk görüşünü xatırladan ekspert söyləyib ki, ilk görüş, ilk normal və tammiqyaslı dövlətlərarası təmas idi.
Onun sözlərinə görə, əhəmiyyətli olan isə ilk görüşdən sonra Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərinin zirvə görüşü keçirilməsi və orada Bakı ilə Yerevan arasında sülh gündəliyinin çərçivəsini müəyyən edən birgə bəyannamə qəbul edilməsi idi.
İkinci görüşün yenə də Əbu-Dabidə baş tutduğunu xüsusi vurğulayan ekspert qeyd edib ki, görüş zamanı müzakirə olunan əsas mövzulardan biri də TRIPP layihəsi olub:
“Vansın səfərindən əvvəl iki ölkə liderləri arasında Əbu-Dabidə keçirilən qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin və fikir mübadiləsinin aparılması çox faydalıdır. Və çox vacib olan odur ki, bu gün üçüncü tərəf sülh gündəliyinin ayrı bir hissəsində iştirak edir. Vaşinqtonun bu prosesdə iştirakı ilə bağlı Bakı və Yerevanın mövqelərini əlaqələndirməsi vacibdir”.
Rasim Babayev