Sercio Qor: TRIPP layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələri möhkəmləndirəcək

ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi səfiri Sercio Qor deyib ki, TRIPP layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrini möhkəmləndirəcək. Təhlil.az xəbər verir ki, o, Bişkekdə keçirilən “B5+1” biznes forumunda bildirib:
“Prezident Trampın tarixi sülh sammitindən sonra, Ermənistan və Azərbaycan arasında əldə olunan razılığın ardınca, biz TRIPP marşrutunu irəli aparırıq. Bu marşrut Mərkəzi Asiyadan başlayaraq Cənubi Qafqaz vasitəsilə Qərbə qədər fasiləsiz nəqliyyat əlaqəsi təmin edəcək. Bu, güclü və qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və bölgədə dayanıqlı sülhün təmin olunması yolunda tarixi addımdır”.
O qeyd edib ki, Tramp administrasiyası Mərkəzi Asiyaya xüsusi önəm verir və əvvəlki administrasiyalardan fərqli olaraq bu regionun strateji əhəmiyyətini tam şəkildə anlayır. Qor həmçinin vurğulayıb ki, forumda təqdim olunan amerikalı şirkətlər Mərkəzi Asiyanı ziyarət edən ən böyük və geniş ticarət nümayəndə heyətini təşkil edir.