ABŞ–İran danışıqları ərəfəsində gərginlik artır: dron vuruldu

Cümə gününə planlaşdırılan danışıqlar ərəfəsində ABŞ ilə İran arasında gərginliyin artması ilə bağlı məlumatlar yayılıb.
Təhlil.az xəbər verir ki, ABŞ Ərəbistan dənizində İrana məxsus pilotsuz uçuş aparatını vurub.
Bildirilib ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlıq nümayəndəsinin açıqlamasına əsasən, dron USS Abraham Lincoln aviadaşıyıcısına yaxınlaşmağa cəhd göstərib.
Bununla yanaşı, Oil Price nəşrinin yazdığına görə, İran katerləri Hörmüz boğazı ərazisində ABŞ bayrağı altında üzən neft tankerinin hərəkətinə mane olmağa cəhd ediblər.
ABŞ və Böyük Britaniyanın dəniz təhlükəsizliyi sahəsindəki mənbələri insidenti “gəminin keçidinə mane olmaq üçün uğursuz cəhd” kimi qiymətləndiriblər. Məlumata görə, atəş açılmayıb, tanker yoluna davam edib və hər hansı zərər qeydə alınmayıb.
Ağ Evdən bildirilib ki, baş verən insidentlərə baxmayaraq, ABŞ və İran arasında danışıqlar hələ də bu həftənin sonuna planlaşdırılır.