Qəddafinin oğlu sui-qəsd nəticəsində öldürülüb

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi sui-qəsd nəticəsində qətlə yetirilib.
Təhlil.az xəbər verir ki, bu barədə "Al Hadath" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə Seyf əl-İslam Qəddafinin yaşadığı evin həyətində baş verib. Hücumu həyata keçirənlərin dörd nəfər olduğu və onların hadisə yerindən qaçmağa nail olduqları qeyd olunur.
Mənbələrin məlumatına görə, sui-qəsddən az əvvəl Qəddafinin evində quraşdırılmış bütün videomüşahidə kameraları naməlum səbəbdən sıradan çıxarılıb.
Atasının siyasi varisi kimi tanınan Seyf əl-İslam Qəddafi son dövrlər özünü Liviyada **Əbdülhəmid Dbeyba**nın rəhbərlik etdiyi mövcud hökumətə qarşı müqavimətin lideri kimi təqdim edirdi.
Xatırladaq ki, 2011-ci il oktyabrın 20-də Müəmmar Qəddafi Liviyada birinci vətəndaş müharibəsinin son mərhələsində, Sirt şəhərinə hücum zamanı üsyançılar tərəfindən ələ keçirilərək öldürülmüşdü.