"Paşinyanın qələbəsi Bakı–İrəvan təmaslarını intensivləşdirə bilər" - EKSPERT BAXIŞI

“Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə münasibətlərdə praqmatik və rasional yanaşmaya üstünlük verdiyi halda, keçmiş prezident Robert Koçaryan Azərbaycan və Türkiyəyə qarşı açıq nifrət mövqeyindən çıxış edir”.
Bu fikirləri təhlil.az saytına Cənubi Koreyanın Hankuk Regional Araşdırmalar Universitetinin professoru, siyasi elmlər doktoru Rövşən İbrahimov açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistanda keçiriləcək parlament seçkilərinə marağı mövcuddur, lakin bu maraq narahatlıq xarakteri daşımır:
“Əgər Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə yenidən parlamentdə çoxluq əldə edərsə və o, vahidpartiyalı hökumət formalaşdıra bilsə, bu, Azərbaycanın Ermənistanla münasibətlərdə konstruktiv yaxınlaşma siyasətini davam etdirməsi üçün əlverişli şərait yaradacaq”.
Ekspert bildirib ki, Paşinyanın qələbəsi Bakı ilə İrəvan arasında təmasların daha da intensivləşməsinə gətirib çıxara bilər.
“ABŞ tərəfindən irəli sürülən təşəbbüslər, eləcə də ikitərəfli formatda münasibətlər daha da inkişaf edəcək. Bakı və İrəvan arasında qarşılıqlı maraq doğuran məhsulların siyahısı mövcuddur. Burada əsas məsələ təkcə iqtisadi deyil, daha çox geosiyasi xarakter daşıyır və münasibətlərin formalaşmasına xidmət edir”, - deyə R.İbrahimov söyləyib.
Onun fikrincə, yükdaşımaların təşkili ilk növbədə siyasi münasibətlərin möhkəmlənməsinə xidmət edir və yalnız iqtisadi gəlir amili ilə məhdudlaşmır:
“Ermənistanda yanacağın qiymətinin aşağı salınması belə Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə üçün əlavə siyasi dividendlər və seçici dəstəyi qazandırmaq məqsədi daşıyır. Bu isə prosesin geosiyasi təsirini açıq şəkildə nümayiş etdirir”, – deyə o bildirib.
Professor vurğulayıb ki, Paşinyana qarşı çıxan qüvvələr revizionist mövqedə dayanır və tamamilə əks baxışları müdafiə edirlər:
“Paşinyan sülhə, konstruktiv dialoqa, gələcəyə yönəlmiş inkişaf modelinə, Qərblə əlaqələrin genişlənməsinə və iqtisadi rifaha üstünlük verən siyasətçidir. Koçaryanın tərəfdarları isə Paşinyanı Azərbaycanla əməkdaşlıqda ittiham edir, onu guya Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən şəxs kimi təqdim edirlər”.
Ekspert qeyd edib ki, Paşinyanın əleyhdarları hakimiyyətə gəldikləri təqdirdə “Tramp marşrutu”nun reallaşdırılmasını dayandıracaqlarını bəyan edirlər:
“Bu qüvvələr həm Bakı, həm də Ankara ilə qarşıdurma ritorikasını davam etdirmək niyyətindədirlər. Koçaryan və Sarkisyan uzun illər Ermənistanda korrupsiyaya əsaslanan, yalnız şəxsi maraqlara xidmət edən və ölkənin inkişafını əngəlləyən siyasi hakimiyyətə rəhbərlik ediblər. Paşinyanla Koçaryan arasındakı siyasi mübarizə mahiyyət etibarilə sağlam praqmatizmlə açıq nifrət siyasətinin qarşıdurmasıdır. Koçaryan və onun kimi siyasətçilərə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik üçün sadəcə bəhanə lazımdır”.
Rasim Babayev