Fransa XİN başçısı: İrana əhəmiyyətli güzəştlər etməsi tövsiyə olunur

Fransa Xarici İşlər Naziri Kastiel Barro İranı ABŞ ilə münasibətlərdə güzəştlər etməyə çağırıb. Təhlil.az-ın məlumatına görə, nazir “Liberation” qəzetinə verdiyi müsahibədə bildirib ki, İrana qarşı ABŞ-nin hərbi əməliyyat hazırlığı gedir.
“ABŞ eyni zamanda rejimə danışıqlar təklif edib. İrana bu fürsətdən istifadə edərək əhəmiyyətli güzəştlər etməsi və mövqeyini radikal şəkildə dəyişdirməsi tövsiyə olunur”, – deyə Barro qeyd edib.
O əlavə edib ki, İran “regiondakı qonşularının və bizim təhlükəsizlik maraqlarımız üçün təhdid yaratmaqdan əl çəkməli, xalq isə azadlığını geri qazanmalıdır”. Nazir Tehranı “təzyiqləri və informasiya blokadasını dayandırmağa, saxlanılanları azad etməyə, eləcə də İranda həbs olunan Fransa vətəndaşları Sesil Koler və Jak Pari kimi vətəndaşları buraxmağa” çağırıb.
Barro həmçinin Rusiya-Ukrayna münaqişəsinə toxunaraq, Avropa ölkələrinin Rusiya ilə birbaşa danışa bilməsi zərurətini vurğulayıb:
“Avropalıların bu gün Ukraynanın əsas maliyyə və hərbi dəstəkçiləri olaraq, maraqlarını müdafiə etmək üçün öz kanalları olmalıdır. Onlar məsuliyyəti başqasına yükləməməlidirlər”.
Fransa naziri həmçinin ABŞ və Çin arasında gərginlik fonunda Hindistanla əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildirib.