Təhdid və diplomatiya arasında: İranın ABŞ mesajları - ŞƏRH

Bir neçə gündür dünya mediasının gündəmini İranla ABŞ arasında artan gərginlik tutub. ABŞ-nin İran ətrafında hərbi kontingentini artırması vəziyyəti daha da gərginləşdirib.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin mümkün hərbi ssenariyə hazır olduğunu bəyan etməklə yanaşı, belə bir qarşıdurmanın yalnız İran ərazisi ilə məhdudlaşmayacağını bildirib. Onun sözlərinə görə, İrana qarşı hərbi addım atılacağı təqdirdə, bu proses qaçılmaz şəkildə region miqyasını alacaq və Yaxın Şərqdə genişmiqyaslı təhlükəsizlik böhranına səbəb olacaq. Əraqçi bu açıqlaması ilə münaqişənin nəticələrinin təkcə bir dövlət üçün deyil, bütün region üçün ağır olacağına diqqət çəkib.
Bununla belə, Əraqçi ABŞ ilə İranın nüvə proqramı ətrafında razılaşmanın əldə olunması imkanını tamamilə istisna etməyib. O qeyd edib ki, Tehran mövcud gərginliyə baxmayaraq, diplomatik həll yollarının açıq qalmasında maraqlıdır və bu istiqamətdə imkanları dəyərləndirməyə hazırdır. Nazir vurğulayıb ki, bu mövqe İranın dialoqa qarşı olmadığını, lakin real təminatlar gözlədiyini göstərir.
Əraqçinin sözlərinə görə, İran Vaşinqtonu etibarlı danışıqlar tərəfdaşı kimi görmür və bu etimadsızlıq əvvəlki razılaşmaların pozulması ilə bağlı təcrübədən qaynaqlanır. O bildirib ki, məhz bu səbəbdən Tehran ABŞ ilə birbaşa təmaslarda ehtiyatlı davranır. Bununla yanaşı, regiondakı dost və tərəfdaş ölkələr vasitəsilə mesaj mübadiləsinin aparılması tərəflər arasında müəyyən dərəcədə qarşılıqlı anlaşmanın formalaşmasına və təmasların davam etməsinə imkan yaradır.
Əraqçi vurğulayıb ki, danışıqların hansı formatda aparılması prinsipial məsələ deyil və Tehran üçün əsas olan müzakirələrin mahiyyətidir. Onun sözlərinə görə, əsas diqqət konkret nəticə verəcək məqamlara yönəlməlidir. Xüsusilə İranın nüvə imkanları ilə bağlı məsələlərin müzakirəsi prioritet hesab olunur və bu mövzu ətrafında ciddi və məzmunlu dialoq aparılmalıdır.
Nazir həmçinin qeyd edib ki, İran uzun illərdir davam edən ABŞ sanksiyalarının ləğvini gözləyir və bu məhdudiyyətlərin ölkə iqtisadiyyatına ciddi zərər vurduğunu açıq şəkildə etiraf edir. Onun sözlərinə görə, sanksiyalar əhalinin sosial rifahına da mənfi təsir göstərib. Eyni zamanda, Tehran uranın dinc məqsədlərlə zənginləşdirilməsinin İranın qanuni hüququ kimi tanınmasını vacib şərt hesab edir və bu mövqedən geri çəkilmək niyyətində olmadığını bir daha bəyan edir.
Hikmət Həsənov