Araqçi: "İran hərbi ssenariyə hazırdır, münaqişə regionu əhatə edə bilər"

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin mümkün hərbi ssenariyə hazır olduğunu bəyan edib.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, İranla hər hansı silahlı qarşıdurma qaçılmaz olaraq ölkə hüdudlarını aşacaq və bütün regionu əhatə edəcək.
Bununla yanaşı, Araqçi ABŞ ilə İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmasının mümkünlüyünü istisna etməyib.
O qeyd edib ki, Tehran Vaşinqtonu etibarlı danışıqlar tərəfdaşı kimi qəbul etmir: "Lakin regiondakı dost ölkələr vasitəsilə mesaj mübadiləsi məhsuldar təmasların irəliləməsinə şərait yaradır".
Nazir vurğulayıb ki, danışıqların formatı prinsipial əhəmiyyət daşımır və əsas diqqət məzmun tərəfinə, xüsusilə də İranın nüvə imkanları ilə bağlı məsələlərə yönəldilməlidir.
Araqçi həmçinin bildirib ki, Tehran on ildən artıqdır İran iqtisadiyyatına ciddi zərbə vuran ABŞ sanksiyalarının ləğvini gözləyir.
Eyni zamanda, ölkəsinin uranın dinc məqsədlərlə zənginləşdirilməsi hüququnun tanınmasını vacib hesab etdiyini bildirib.