ISW: “Enerji atəşkəsi” Moskva üçün ciddi güzəşt deyil

ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, “enerji atəşkəsi” adlandırılan razılaşma Rusiya tərəfinin əhəmiyyətli güzəşti sayıla bilməz. Təhlil.az xəbər verir ki, analitiklərin fikrincə, uzaqmənzilli zərbələrə qoyulan bu cür müvəqqəti moratorium hər iki tərəf üçün qüvvədə olarsa, daha çox Rusiya üçün faydalı ola bilər. ISW bildirir ki, Rusiya bu müddətdə PUA və raket ehtiyatlarını artıra bilər. Bu silahlar sonradan iri miqyaslı kombinə edilmiş zərbələr üçün istifadə oluna bilər. Eyni zamanda, Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmış olar.
Analitiklərin fikrinə görə, Rusiya hələ də uzunmüddətli atəşkəsi rədd edir. Moskva daha əvvəl də oxşar qısamüddətli moratoriumlar təklif edib. Bu addımlar “xoş niyyət” nümayişi kimi təqdim edilsə də, Rusiya mülki infrastruktura zərbələrin dayandırılması ilə bağlı daha geniş çağırışları qəbul etmir.