Dünya Bankı “Azəriqaz” üçün 15 milyon dollarlıq plan hazırlayır

Dünya Bankı Azərbaycanda qaz sızmalarının aşkarlanması və aradan qaldırılmasına yönəlmiş “Azerigas Gas Leak Detection and Repair Facility” adlı layihəyə dəstək vermək imkanını nəzərdən keçirir.
Təhlil.az xəbər verir ki, Bankın açıqladığı məlumata əsasən, layihənin əsas məqsədi "Azəriqaz" tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan emissiyalarının azaldılması, eyni zamanda şirkətin aktivlərin idarə edilməsi üzrə institusional potensialının gücləndirilməsidir.
Məlumata görə, layihənin ümumi maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil edir. Layihənin 23 aprel 2026-cı il tarixində təsdiqlənməsi planlaşdırılır.
Layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz sızmalarının aşkarlanması və təmiri üçün xüsusi maliyyə mexanizmi yaradılacaq. Bu mexanizm Global Flaring and Methane Reduction Partnership (GFMR) Trest Fondundan ayrılacaq ilkin qrant hesabına işə salınacaq.
Qrantın alıcısı və qrant hesablarının sahibi SOCAR olacaq. “Azəriqaz” isə layihənin yeganə benefisiarı, eləcə də onun gündəlik icrası və idarə olunmasına cavabdeh qurum kimi çıxış edəcək. Metan emissiyalarının mərhələli şəkildə azaldılması məqsədilə ayrılan vəsaitlər SOCAR vasitəsilə “Azəriqaz”a yönəldiləcək.
Layihə Bakıda qaz sızmaları üzrə baza göstəricilərinin müəyyənləşdirilməsinə dair “Azəriqaz”ın pilot proqramının təcrübəsinə əsaslanacaq.
Qaz sızmalarının aradan qaldırılması üzrə tədbirlər əvvəlcədən razılaşdırılmış uyğunluq meyarlarına əsasən planlaşdırılacaq və icra olunacaq. Prioritetləşmə xərc-effektivlik, texniki mürəkkəblik, əldə edilən ekoloji təsir və digər amillər nəzərə alınmaqla həyata keçiriləcək ki, hər xərclənən dollar üzrə maksimum emissiya azalması təmin edilsin.
Bundan əlavə, GFMR vəsaitləri ilkin mərhələdə və sonrakı dövrlərdə OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılıq və verifikasiyası sahəsində “Azəriqaz”ın potensialının artırılmasına yönəldiləcək.
Qeyd edək ki, bu layihə Azərbaycanın enerji sektorunda ekoloji dayanıqlığın gücləndirilməsi və qlobal iqlim öhdəliklərinin icrası baxımından mühüm addım kimi qiymətləndirilir.