29 yanvar

Piter Şiff: "ABŞ-ni maliyyə böhranı gözləyir, dollar dəyər itirəcək"

2008-ci il maliyyə böhranını öncədən proqnozlaşdırmış məşhur maliyyə eksperti Piter Şiff ABŞ-nin qarşılaşa biləcəyi yeni təhlükələrlə bağlı xəbərdarlıq edib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, hazırda qlobal iqtisadi proseslər ABŞ-nin əsas maliyyə bazalarını sarsıdır və dollar ciddi təzyiq altındadır. Ekspert bildirib ki, dolların dəyəri enməyə davam edəcək və bu prosesin fonunda qızıl əsas alternativ kimi ön plana çıxacaq.

O qeyd edib ki, artıq bir sıra mərkəzi banklar aktiv şəkildə qızıl alır və paralel olaraq dollardan çıxış strategiyasına başlayıblar.

“Biz yenidən böyük bir iqtisadi böhrana doğru irəliləyirik. Bu, qlobal maliyyə böhranı deyil, məhz ABŞ-nin maliyyə böhranı olacaq. Digər ölkələr isə əslində bu vəziyyətdən faydalana bilər. ABŞ iqtisadiyyatında və dollar bazarında ciddi maliyyə balonu formalaşıb”, – deyə Şiff vurğulayıb.

Ekspertin fikrincə, qızıl və gümüş bazarlarında müşahidə olunan proseslər daha dərin böhranın yaxınlaşdığını göstərir. Onun proqnozuna görə, sözügedən böhran ya cari ilin sonuna, ya da gələn il baş verə bilər.

“Biz dollar böhranına yaxınlaşırıq. Bu, ABŞ iqtisadiyyatına və hökumətin maliyyəni idarəetmə qabiliyyətinə olan etimadsızlığın göstəricisidir. Qızılın qiymətinin yuxarı həddi yoxdur, çünki dolların da aşağı həddi yoxdur”, – deyə Piter Şiff əlavə edib.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?