29 yanvar

Avropa təhlükəsizlik axtarışında Bakı amilini seçir - ŞƏRH

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə baş direktoru Yan Kupmanla keçirdiyi görüş, rəsmi diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu danışıqlar faktiki olaraq Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərində yeni strateji mərhələnin konturlarını ortaya qoyur. Söhbət artıq yalnız iqtisadi əməkdaşlıqdan deyil, Avropanın dəyişən geosiyasi və geoiqtisadi reallıqları fonunda Azərbaycanın artan rolundan gedir.

Son illərdə Avropa İttifaqı bir neçə paralel böhranla üz-üzə qalıb: enerji təhlükəsizliyi problemləri, ənənəvi nəqliyyat marşrutlarının iflic olması, qlobal ticarət zəncirlərində qırılmalar və Şərqlə əlaqələrin riskli hala gəlməsi. Bu mürəkkəb şərait Avropanı yeni tərəfdaşlar, etibarlı tranzit ölkələri və uzunmüddətli strateji əməkdaşlıq modelləri axtarmağa məcbur edib. Məhz bu nöqtədə Azərbaycan Avropa üçün sadəcə regional tərəfdaş deyil, sistem yaradan aktor kimi ön plana çıxır.

Azərbaycanın enerji sektorundakı mövqeyi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi artıq sübut edib ki, Bakı etibarlı və proqnozlaşdırıla bilən enerji tərəfdaşıdır. Avropanın qaz təchizatını şaxələndirmək strategiyasında Azərbaycanın payı ildən-ilə artır və bu, tərəflər arasında qarşılıqlı etimadı gücləndirir. Enerji sahəsində formalaşan bu etibar, avtomatik olaraq digər sektorlar, yəni, nəqliyyat, logistika, sənaye və yaşıl enerji sahələrinə də transfer olunur.

Görüşdə regional əlaqəlilik layihələrinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Cənubi Qafqaz bu gün Avropa ilə Asiya arasında əsas körpülərdən birinə çevrilməkdədir. Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi üzərindən multimodal daşımalar və gələcəkdə açılması mümkün olan yeni kommunikasiya xətləri Avropa İttifaqı üçün strateji alternativlər yaradır. Bu marşrutlar Avropaya həm vaxt, həm də təhlükəsizlik baxımından üstünlüklər qazandırır, riskli bölgələrdən asılılığı azaldır.

Azərbaycan bu prosesdə yalnız tranzit ölkə rolunu oynamır. Rəsmi Bakı nəqliyyat və logistika infrastrukturuna ciddi investisiyalar yatıraraq, regionda əsas koordinasiya mərkəzinə çevrilmək niyyətini açıq şəkildə ortaya qoyur. Limanlar, dəmir yolları, avtomobil magistralları və rəqəmsal logistika sistemləri Azərbaycanın regional dəyər zəncirlərində mövqeyini möhkəmləndirir. Bu isə Avropa İttifaqı üçün stabil və uzunmüddətli tərəfdaş deməkdir.

Avropa strukturları ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasət və iqtisadi strategiyasında mühüm yer tutur. Bakı Aİ ilə münasibətlərdə balanslı və praqmatik xətt yürüdərək, qarşılıqlı faydaya əsaslanan model formalaşdırır. Azərbaycan üçün bu əməkdaşlıq Avropa bazarlarına daha geniş çıxış, maliyyə institutları ilə əlaqələrin dərinləşməsi, infrastruktur layihələrinə investisiyaların cəlb olunması və texnoloji transfer imkanları yaradır.

Digər tərəfdən, Avropa İttifaqı da bu əməkdaşlıqdan ciddi dividendlər əldə edir. Azərbaycan vasitəsilə Avropa Şərq bazarlarına daha təhlükəsiz çıxış əldə edir, enerji və nəqliyyat sahəsində risklərini azaldır, Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlı tərəf kimi mövqeyini gücləndirir. Aİ üçün Azərbaycanla əməkdaşlıq eyni zamanda regionda geosiyasi balansın qorunması baxımından da əhəmiyyətlidir.

Gələcək perspektivlər baxımından Azərbaycan-Aİ münasibətlərinin daha da dərinləşəcəyi gözlənilir. Xüsusilə yaşıl enerji, bərpa olunan mənbələr, hidrogen layihələri və rəqəmsal iqtisadiyyat sahələrində yeni əməkdaşlıq formatları gündəmdədir. Azərbaycanın bərpa olunan enerji potensialı Avropa üçün alternativ enerji mənbələrinin formalaşmasında mühüm rol oynaya bilər.

Nəticə etibarilə, Mikayıl Cabbarov və Yan Kupman arasında aparılan danışıqlar təkcə cari məsələlərin müzakirəsi deyil, gələcək onilliklər üçün strateji yol xəritəsinin formalaşdırılması kimi dəyərləndirilə bilər. Azərbaycan və Avropa İttifaqı arasında qurulan bu əməkdaşlıq modeli qarşılıqlı maraqlara əsaslanır və regional sabitlik, iqtisadi inkişaf və enerji təhlükəsizliyi baxımından hər iki tərəfə real və uzunmüddətli faydalar vəd edir.

Hikmət Həsənov

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?