Ərdoğan Trampa İranla bağlı üçtərəfli zirvə görüşü təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran ətrafında yaranmış vəziyyətlə bağlı üçtərəfli zirvə görüşünün keçirilməsini təklif edib.
Təhlil.az xəbər verir ki, təklif iki lider arasında 27 yanvar tarixində baş tutan telefon danışığı zamanı səsləndirilib.
Türkiyə hökumətinə yaxın jurnalist Hande Fırat bildirib ki, Ərdoğan regionda artan gərginlik və hərbi münaqişə riski fonunda diplomatik yanaşmanın vacibliyini xüsusi vurğulayıb.
Türkiyə Prezidenti ABŞ, İran və Türkiyə arasında yüksək səviyyəli görüşün təşkilini təklif edərək, sammitin videokonfrans formatında keçirilməsinin riskləri azalda və danışıqlar prosesini sürətləndirə biləcəyini qeyd edib. Danışıqlara yaxın mənbələrin məlumatına görə, Tramp bu təşəbbüsə müsbət yanaşıb və gələcək müzakirələrə açıq olduğunu bildirib.
Bundan əlavə, Hande Fırat İranın xarici işlər naziri Abbas Əraqçinın bu həftə Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Onun Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşərək mövcud vəziyyəti və böhranın həlli perspektivlərini müzakirə edəcəyi gözlənilir. Səfərin dəqiq tarixi hələ açıqlanmayıb.