Tramp İrana doğru əlavə HDQ zərbə qrupunun göndərildiyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Ayova ştatında çıxışı zamanı İrana doğru əlavə Hərbi Dəniz Qüvvələri zərbə qrupunun göndərildiyini təsdiqləyib. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, yeni qüvvələr artıq yoldadır və bölgədə mövcud olan, “USS Abraham Lincoln” aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi qruplaşmanı daha da gücləndirəcək.
Tramp açıq şəkildə bildirib ki, ABŞ-nin hərbi mövcudluğunun artırılması Tehrana təzyiq göstərmək və onu Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etmək məqsədi daşıyır. Amerika lideri vurğulayıb ki, İran rəhbərliyi “daha əvvəl razılaşmaya getməli idi” və hazırkı hərbi yerləşdirmə onların ABŞ tələblərini yerinə yetirməkdən imtina etməsinin birbaşa nəticəsidir.
ABŞ prezidentinin bu açıqlamaları Yaxın Şərqdə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib. Vaşinqtonun atdığı addımlar bölgədə təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək amil kimi qiymətləndirilir.