Türkiyədə MİT polislə birgə əməliyyat keçirdi, casus şəbəkəsi zərərsizləşdirildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) polis orqanları ilə birgə apardığı uzunmüddətli və əhatəli əməliyyat nəticəsində İranla əlaqəli casus şəbəkəsini zərərsizləşdirib. Təhlil.az Türkiyə mediasının məlumatına istinadla xəbər verir ki, əməliyyat çərçivəsində şəbəkənin altı üzvü saxlanılaraq həbs edilib. Hakimiyyət orqanları bildiriblər ki, sözügedən şəbəkə İran kəşfiyyatının zabitləri – “Hacı” ləqəbi ilə tanınan Nəcəf Rostami və “Doktor” təxəllüslü Mehdi Yekeh Dehqan tərəfindən koordinasiya olunub.
Araşdırma zamanı müəyyən edilib ki, şəbəkə üzvləri Adana vilayətində yerləşən və NATO üçün strateji əhəmiyyət daşıyan İncirlik Hava Bazasının foto və video görüntülərini toplayıblar. Qeyd olunur ki, bu hərbi obyekt Türkiyə və ABŞ tərəfindən birgə istifadə olunur və regionun təhlükəsizliyi baxımından mühüm rol oynayır.
Türkiyə hakimiyyəti əməliyyatın milli təhlükəsizliyə qarşı yönəlmiş potensial düşmənçilik və təxribat xarakterli fəaliyyətlərin qarşısını almaq məqsədi daşıdığını bildirib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.