28 yanvar

Bakıətrafı dəmir yolu xətlərində genişmiqyaslı yenidənqurma başlayır

Abşeron yarımadasında relsli nəqliyyat yeni mərhələyə qədəm qoyur. Bakı və Sumqayıt arasında minlərlə insanın gündəlik gediş-gəlişini təmin edən Abşeron dairəvi dəmir yolu marşrutu yaxın illərdə həm texniki, həm də funksional baxımdan ciddi şəkildə yenilənəcək. Söhbət Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt xətlərini əhatə edən genişmiqyaslı dəyişikliklərdən gedir.

Təhlil.az xəbər verir ki, bu barədə Anar Rzayev, AYNA-nın İdarə Heyətinin sədri “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Bakıətrafı ərazilərdə dəmir yolu nəqliyyatının rolunu artırmaq məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası planlaşdırılır. Bu marşrutlar üzrə mövcud stansiyalar yenilənəcək, eyni zamanda sərnişin axını nəzərə alınmaqla yeni dayanacaqlar inşa ediləcək. Artıq 2025-ci ildə bu xətlər üzrə yol infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb və bəzi istiqamətlərdə proses yekunlaşma mərhələsinə çatıb.

Bakı–Xırdalan–Sumqayıt xətti üzrə qatarburaxma və sərnişindaşıma imkanlarının artırılması üçün konkret addımlar atılır. Hazırda Dərnəgül dayanacağının inşası sürətlə davam edir və tikinti işlərinin təxminən 60 faizi artıq tamamlanıb. Eyni zamanda Baş Keşlə stansiyasına dayanacaq verilməsi və Binəqədi dayanacağının yaradılması da nəzərdə tutulur ki, bu da şəhərdaxili və şəhərətrafı hərəkəti xeyli rahatlaşdıracaq.

Bakı–Pirşağı–Sumqayıt xətti də diqqət mərkəzindədir. Bu istiqamətdə dəmir yolu xəttinin buraxıcılıq qabiliyyətinin artırılması, eləcə də Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində yeni dəmiryol dayanacaqlarının yaradılması planlaşdırılır. Bundan başqa, Nərimanov stansiyasında qatarlara dayanacaq verilməsi də gündəmdədir.

Dövlət Proqramının mühüm bəndlərindən biri Güzdək–Qaradağ dəmir yolu xəttinin bərpasıdır. Bu xəttin istifadəyə verilməsi ilə yük qatarlarının əsasən həmin istiqamətə yönləndirilməsi, nəticədə isə Bakı–Xırdalan–Sumqayıt xəttində sərnişin qatarlarının sayının artırılması nəzərdə tutulur.

Anar Rzayev onu da bildirib ki, 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması planlaşdırılır. Hazırda bu istiqamətdə texniki və iqtisadi təhlillər aparılır, xarici şirkətlərlə danışıqlar davam etdirilir. Məqsəd Abşeron yarımadasında relsli nəqliyyatı daha rahat, daha sürətli və gündəlik həyat üçün daha cəlbedici etməkdir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?