ABŞ milli maraqlara zidd beynəlxalq sazişlərdə iştirak etməyəcək

ABŞ bundan sonra ölkənin milli maraqlarına zərər vuran beynəlxalq saziş və təşəbbüslərdə iştirak etməyəcək.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində Vaşinqtonun "Paris İqlim Sazişi"ndən çıxması ilə bağlı paylaşımında bildirib.
Onun sözlərinə görə, sözügedən saziş ABŞ-də qiymətlərin artmasına səbəb olur, iqtisadi artımı ləngidir və ölkənin milli təhlükəsizliyinə mənfi təsir göstərir.
Qeyd edək ki, Paris İqlim Sazişi 12 dekabr 2015-ci ildə Parisdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 21-ci Konfransının yekununda qəbul edilib.
ABŞ prezidenti Donald Trampın birinci prezidentlik dövründə – 4 noyabr 2019-cu ildə Birləşmiş Ştatlar rəsmi olaraq bu sazişdən çıxmışdı.
Tramp ikinci prezidentlik müddətində də ABŞ-nin "Paris İqlim Sazişi"ndən çıxmasını nəzərdə tutan yeni fərman imzalayıb.