Dünən

Azərbaycan–İsrail münasibətləri: səfərlərin arxasındakı strateji məntiq - MƏQALƏ

Son illər Azərbaycan-İsrail münasibətləri yalnız klassik diplomatik çərçivədən çıxaraq strateji tərəfdaşlıq müstəvisinə keçməkdədir. İsrail Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri və səsləndirilən açıqlamalar bu münasibətlərin artıq institusional və çoxşaxəli xarakter aldığını bir daha təsdiqləyir. Xüsusilə iqtisadi diplomatiya, investisiya əməkdaşlığı və hökumətlərarası mexanizmlərin aktivləşməsi tərəflərin uzunmüddətli planlara malik olduğunu göstərir.

İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini və İqtisadi Diplomatiya şöbəsinin rəhbəri Yael Ravia-Sadok bildirib ki, Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu qərar, ilk növbədə, tərəflər arasında mövcud siyasi etimadın yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, komissiyanın IV iclası 2025-ci ilin noyabrında İsraildə baş tutub və bu prosesin ardıcıl şəkildə davam etdirilməsi əməkdaşlığın artıq sistemli xarakter aldığını ortaya qoyur.

İsrail tərəfi açıq şəkildə bildirir ki, Bakı ilə münasibətlər yeni formatda qurulmur, əksinə, mövcud əməkdaşlıq daha dərin və praktiki məzmunla zənginləşdirilir. Yael Ravia-Sadokun sözlərinə görə, İsrail artıq Azərbaycanın müxtəlif sahələrinə: su resurslarının idarə olunması, kibertəhlükəsizlik, kənd təsərrüfatı və yüksək texnologiyalar istiqamətində investisiyalar yatırır. Bu yanaşma İsrailin Azərbaycanı yalnız enerji tərəfdaşı deyil, regional innovasiya və inkişaf platforması kimi gördüyünü göstərir.

İqtisadi əməkdaşlığın yeni mərhələsində biznes diplomatiyası xüsusi yer tutur. İsrail XİN rəsmisinin açıqlamasına əsasən, “AZPROMO” ilə birgə bu il İsrailə Azərbaycan biznes nümayəndə heyətinin səfərinin təşkili, eyni zamanda İsrail şirkətlərinin Azərbaycanın infrastruktur layihələrinə investisiya imkanlarının araşdırılması planlaşdırılır. Bu, dövlətlərarası münasibətlərin artıq real iqtisadi layihələr və qarşılıqlı biznes maraqları üzərindən inkişaf etdiyini göstərir.

Bakıda keçirilmiş İsrail-Azərbaycan biznes forumu da bu prosesin mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Forumda iştirak edən İsrail şirkətlərinin əksəriyyətinin Azərbaycan bazarı üçün yeni olması diqqət çəkir. Bununla belə, İsrail tərəfi xüsusilə beynəlxalq təcrübəyə malik, texnoloji baxımdan güclü və Azərbaycanı regional imkanlar mərkəzi kimi dəyərləndirən şirkətləri cəlb etməyə nail olub. Bu fakt onu göstərir ki, Bakı artıq təkcə yerli bazar deyil, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün strateji çıxış nöqtəsi kimi qəbul olunur.

Rəqəmlər də münasibətlərin dinamik inkişaf etdiyini təsdiqləyir. Yael Ravia-Sadokun sözlərinə görə, son dörd ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Bu göstərici təkcə iqtisadi artımı deyil, həm də qarşılıqlı etimadın və institusional əməkdaşlığın dərinləşməsini əks etdirir. İsrail tərəfi hesab edir ki, bu potensial hələ tükənməyib və ticarət əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması üçün geniş imkanlar mövcuddur.

Siyasi müstəvidə isə Azərbaycan-İsrail münasibətləri regional və qlobal çağırışlar fonunda qarşılıqlı dəstək və koordinasiya üzərində qurulub. İsrail şirkətlərinin Azərbaycanı “qarşılıqlı hörmət və etimada əsaslanan müttəfiq” kimi qəbul etməsi bu münasibətlərin sadəcə iqtisadi maraqlarla məhdudlaşmadığını göstərir. Bu faktor xüsusilə Yaxın Şərqdə və Cənubi Qafqazda dəyişən geosiyasi balanslar fonunda daha böyük əhəmiyyət kəsb edir.

Nəticə etibarilə, İsrail XİN nümayəndə heyətinin Bakıya səfəri və səsləndirilən açıqlamalar göstərir ki, Azərbaycan-İsrail münasibətləri yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Hökumətlərarası komissiyanın fəaliyyəti, biznes diplomatiyasının gücləndirilməsi və strateji sahələrdə investisiyaların artması bu tərəfdaşlığın uzunmüddətli və dayanıqlı xarakter daşıdığını deməyə əsas verir. Bu əməkdaşlıq modeli isə regionda iqtisadi inkişaf, texnoloji transfer və siyasi sabitlik baxımından mühüm nümunə kimi çıxış edir.

Hikmət Həsənov

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?