27 yanvar

TRIPP Cənubi Qafqazda diplomatik aktivliyi artırıb - TƏHLİL

Ermənistan və ABŞ nümayəndələri arasında “Tramp Marşrutu” layihəsinin icrası ilə bağlı aparılan son müzakirələr Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi və iqtisadi arxitekturanın mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyanla ABŞ Konqresinin nümayəndəsi Lens Kokonos arasında keçirilən görüşün mərkəzində TRIPP layihəsinin praktiki icra mexanizmlərinin dayanması təsadüfi deyil. Bu layihə artıq təkcə diplomatik təşəbbüs yox, həm də regional proseslərə təsir edə biləcək real geosiyasi alətə çevrilməkdədir.

2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannaməyə əsaslanan “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” layihəsi rəsmi sənədlərdə regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, ticarət marşrutlarının diversifikasiyası və uzunmüddətli sülhün təşviqi kimi məqsədlərlə təqdim olunur. Lakin layihənin mahiyyəti yalnız iqtisadi və humanitar çərçivə ilə məhdudlaşmır. TRIPP əslində, ABŞ-nin Cənubi Qafqazda artan təsir ambisiyalarının, eyni zamanda, Rusiya və İranın ənənəvi təsir zonalarında balans yaratmaq cəhdinin ifadəsidir.

Ermənistan üçün bu layihə bir neçə istiqamətdə həyati əhəmiyyət daşıyır. Birincisi, uzun illər regional kommunikasiyalardan kənarda qalan Ermənistan iqtisadi blokadadan çıxmaq imkanı əldə edir. İkincisi, ABŞ kimi qlobal gücün təşəbbüsü ilə irəli sürülən layihədə fəal iştirak İrəvanın Qərbə inteqrasiya xəttini gücləndirir və Rusiyadan asılılığı azaltmaq strategiyasına uyğun gəlir. Bununla yanaşı, TRIPP Ermənistanı Azərbaycan və Türkiyə ilə normallaşma prosesində daha praqmatik və güzəştli mövqe tutmağa sövq edir. ABŞ üçün isə TRIPP bir neçə strateji məqsədə xidmət edir. İlk növbədə, Vaşinqton Cənubi Qafqazda sülh və iqtisadi rifah təşəbbüslərinin əsas memarı rolunu oynamaqla regionda normativ və siyasi liderliyini möhkəmləndirməyə çalışır. İkincisi, layihə vasitəsilə ABŞ Avropa-Asiya nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyinə dolayı yolla təsir imkanlarını artırır. Üçüncüsü isə bu təşəbbüs Rusiya və İran üçün açıq geosiyasi mesajdır. Belə ki, ABŞ regionda uzunmüddətli oyunçu kimi qalmaq niyyətindədir.

TRIPP layihəsinin uğuru birbaşa olaraq Azərbaycan və Türkiyənin mövqeyindən asılıdır. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri normallaşmadan hər hansı regional marşrutun real funksionallıq qazanması mümkünsüzdür. Məhz bu səbəbdən görüş zamanı normallaşma prosesindəki son hadisələrin xüsusi diqqət mərkəzində olması təsadüfi deyil.

Azərbaycana gəldikdə, qeyd etməliyik ki, TRIPP həm imkanlar, həm də ehtiyatlı yanaşma tələb edən təşəbbüsdür. Bir tərəfdən, regional nəqliyyat şəbəkələrinin genişlənməsi və sülh gündəliyinin möhkəmlənməsi Bakının uzunmüddətli maraqlarına uyğundur. Digər tərəfdən isə ABŞ-nin təşəbbüsü ilə formalaşan layihənin Azərbaycanın suveren maraqlarına, xüsusilə kommunikasiya məsələlərində nəzarət prinsipinə zidd olmaması əsas şərt olaraq qalır.

TRIPP-in ən çox vurğulanan tərəfi onun “sülh marşrutu” kimi təqdim edilməsidir. Lakin tarix göstərir ki, böyük güclərin təşəbbüsləri yalnız o zaman davamlı sülhə xidmət edir ki, regional aktorların real maraqları ilə üst-üstə düşsün. Əks halda, bu cür layihələr yeni gərginlik xətləri də yarada bilər. Hazırkı mərhələdə TRIPP Cənubi Qafqazda diplomatik aktivliyi artırır, tərəfləri danışıqlar masası arxasında saxlamağa xidmət edir və alternativ ssenariləri gündəmdə saxlayır. Bu isə qısa və orta müddətdə müsbət faktor kimi qiymətləndirilə bilər.

MTM Analitik Qrupu

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?