Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası

Fransa parlamenti 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun layihəsini təsdiqləyib.
Təhlil.az xəbər verir ki, səsvermə zamanı 116 deputat qanun layihəsini dəstəkləyib, 23 deputat isə qərarın əleyhinə çıxıb.
Məlumata əsasən, qanunvericilik təşəbbüsü onlayn zorakılıq hallarının artması, eləcə də yeniyetmələrin psixi sağlamlığı ilə bağlı risklər fonunda yaranan ictimai narahatlığa cavab olaraq hazırlanıb. Yeni qaydalar yalnız sosial şəbəkələrdə qeydiyyatı deyil, həmçinin digər platformalara inteqrasiya edilmiş sosial funksiyalardan istifadənin də məhdudlaşdırılmasını nəzərdə tutur.
Qanun layihəsi növbəti mərhələdə baxılması üçün Senata təqdim olunacaq. Senatdakı müzakirələrdən sonra sənəd yekun təsdiq məqsədilə yenidən aşağı palataya qaytarılacaq.
Qeyd edək ki, Fransa hökuməti son dövrlər uşaqlar və yeniyetmələr arasında sosial medianın təsirlərinə qarşı daha sərt tənzimləmələrin tərəfdarı kimi çıxış edir.