Kriptobazarda yüksəliş nə qədər davamlıdır? - ŞƏRH

Qlobal kriptovalyuta bazarında son sutka ərzində müşahidə olunan artım struktur dəyişikliyindən çox, texniki xarakterli bərpa kimi qiymətləndirilir.
Təhlil.az xəbər verir ki, son 24 saatda "Bitcoin" 1 faiz bahalaşaraq 88,6 min dollara, "Ethereum" isə 2,6 faiz artaraq 2,94 min dollar səviyyəsinə yüksəlib. Paralel olaraq BNB, XRP və Solana üzrə də gündəlik müsbət dinamika qeydə alınıb.
Analitiklərin fikrincə, bu artım bazarda öncədən baş vermiş itkilərdən sonra texniki rebound və qısamüddətli spekulyativ alımlarla bağlıdır. Xüsusilə "Ethereum" və Solana üzrə əvvəlki günlərdə müşahidə olunan kəskin ucuzlaşma, riskə meyilli investorlar üçün “ucuz giriş nöqtəsi” formalaşdırıb.
Bununla belə, həftəlik göstəricilər bazarda təzyiqlərin davam etdiyini göstərir. Son 7 gündə "Ethereum" 7,6 faiz, Solana 6,8 faiz, "Bitcoin" isə təxminən 4 faiz dəyər itirib. Bu isə onu deməyə əsas verir ki, bazar hələlik dayanıqlı yüksəliş mərhələsinə keçməyib.
Stabil koinlər olan "Tether" (USDT) və "USDC"nin dollar paritetinə yaxın ticarət olunması investorların müdafiə mövqeyini qoruduğunu və bazarda ehtiyatlı davranışın davam etdiyini göstərir.
Ekspertlər vurğulayırlar ki, qlobal maliyyə bazarlarında faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik, xüsusilə ABŞ Federal Ehtiyat Sistemi ilə bağlı gözləntilər kriptovalyuta bazarında orta müddətli risk faktorları olaraq qalır. Bu səbəbdən mövcud artım trendi dəyişən fundamental impuls kimi deyil, daha çox qısamüddətli balanslaşma mərhələsi kimi dəyərləndirilir.
Yekun olaraq, bazarda gündəlik canlanma müşahidə olunsa da, dayanıqlı yüksəliş üçün makroiqtisadi aydınlıq və institusional kapital axını hələlik yetərli səviyyədə deyil.