Kobaxidze: Azərbaycan və Ermənistanla layihələr üzərində aktiv iş aparılır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Gömrükçü Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri üzrə layihələr üzərində fəal şəkildə işləyir.
Təhlil.az xəbr verir ki, onun sözlərinə görə, bu layihələr regional əməkdaşlığın uğurlu nümunəsidir və ölkənin tranzit və logistika potensialının daha da genişləndirilməsinə xidmət edir.
“Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan və Ermənistanla birgə gömrük məntəqələri üzrə layihələr üzərində aktiv iş aparılır. Bu, regional əməkdaşlığın əyani nümunəsidir”, – deyə hökumət başçısı qeyd edib.
Kobaxidze, həmçinin vurğulayıb ki, Gürcüstanda Avropa İttifaqının sistemləri ilə uyğun olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) uğurla tətbiq edilib. Onun sözlərinə görə, vahid bəyannamə və vahid zəmanət mexanizmi sayəsində bu sistem Avropa İttifaqı daxilində və platformaya qoşulmuş 39 ölkə arasında yüklərin maneəsiz daşınmasını təmin edir.
Baş nazir əlavə edib ki, Şərq–Qərb sürətli avtomagistralı, Bakı–Tbilisi–Qars dəmir yolu, quru limanlar, eləcə də Anakliya dərin dəniz limanı layihəsi Gürcüstanın Orta Dəhlizin inkişafında rolunu daha da gücləndirməyə yönəlib.