26 yanvar

Azərbaycan enerji strategiyasının növbəti uğuru: SOCAR-ın qlobal xəritəsi genişlənir - TƏHLİL

Müasir dövrdə enerji sektoru dövlətlərin iqtisadi və siyasi gücünü müəyyən edən əsas sahələrdən biri hesab olunur. Bu baxımdan ölkə iqtisadiyyatının aparıcı qurumu kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq enerji bazarlarında ölkəmizi təmsil edən mühüm strateji aktor kimi fəaliyyəti xüsusi önəm daşıyır. SOCAR-ın beynəlxalq miqyasda fəaliyyətinin genişlənməsi Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun artmasına, iqtisadi gəlirlərinin şaxələndirilməsinə və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfələr verir.

Artıq SOCAR Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrində müxtəlif layihələr həyata keçirir. Bu layihələrə daha biri əlavə olunub. Məlumat verildiyi kimi, SOCAR Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı İtaliyanın “Eni S.p.A.” şirkəti ilə saziş imzalayıb. Sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.

Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur. Məlumata əsasən, sənəd eyni zamanda SOCAR ilə “Eni S.p.A.” arasında enerji sənayesinin müxtəlif seqmentlərini əhatə edən daha geniş strateji əməkdaşlığın tərkib hissəsidir.

“Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən bu nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb. Hazırda yatağın işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2,1 milyon kubmetrdən çox qaz hasil olunur. Üçüncü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5,7 milyon kubmetr qaza çatdırılması planlaşdırılır. “Baleine” Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsi kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, bu, SOCAR-ın Azərbaycan hüdudlarından kənarda yataqların işlənməsi üzrə ilk iri müqaviləsi deyil. Belə ki, SOCAR 2025-ci ilin yanvar ayında İsraildə yerləşən “Tamar” qaz yatağının 10 faizini 1,25 milyard dollara əldə edib. 2024-cü ilin mayında isə SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və “Umm Lulu” neft yataqlarında iştirak payının 3 faizinin Azərbaycan şirkətinə verilməsinə dair saziş imzalanıb.

Bundan başqa, ötən ilin iyul ayında SOCAR, Özbəkistanın “Uzbekneftegaz” Konsorsiumu və Özbəkistan hökuməti arasında “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb. Sazişin ilkin mərhələsində perspektivli sahələrin müəyyən edilməsi məqsədilə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu müddət ərzində SOCAR operator qismində çıxış edəcək. Sənədə əsasən, axtarış-kəşfiyyat işlərinin və ən azı bir kəşfiyyat quyusunun qazılmasının ilkin olaraq beş il ərzində yekunlaşdırılması planlaşdırılır. Beləliklə, SOCAR-ın beynəlxalq layihələrdə iştirak payı sürətlə artır.

Faktdır ki, dünyanın aparıcı neft və qaz istehsalçıları karbohidrogenləri yalnız öz ölkələrində deyil, dünyanın müxtəlif regionlarında da hasil edirlər. Artıq SOCAR da bu sırada yer alır. Yaxın perspektivdə SOCAR-ın digər ölkələrdə də neft və qaz hasilatında iştirakının genişlənəcəyi gözlənilir. “Caspian Barrel” Neft Tədqiqatları Mərkəzinin direktoru İlham Şaban bu baxımdan qeyd edir ki, SOCAR-ın növbəti beynəlxalq layihələri Yaxın Şərq regionunda reallaşa bilər. Onun sözlərinə görə, belə layihələrdən biri İraqda ola bilər və bunu Azərbaycanla İraq Kürdüstanı arasında formalaşmış etibarlı münasibətlər də təsdiqləyir. Ekspert bildirir ki, İraq Kürdüstanı neft və qaz yataqlarının işlənməsi baxımından son dərəcə perspektivlidir və hasil edilən karbohidrogenlərin qlobal bazarlara çıxarılması üçün kifayət qədər inkişaf etmiş infrastruktura malikdir.

Beləliklə, SOCAR son illərdə təkcə ölkə daxilində deyil, həm də xarici ölkələrdə neft və qaz hasilatı layihələrində fəal iştirak edərək beynəlxalq enerji şirkəti statusunu daha da möhkəmləndirir. Bu fəaliyyət Azərbaycanın enerji strategiyasının şaxələndirilməsi, yeni ehtiyatlara çıxış əldə olunması və qlobal enerji bazarlarında mövqelərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. SOCAR-ın Gürcüstanda, Türkiyədə, Mərkəzi Asiyada, Rusiyada və Avropa ölkələrində həyata keçirdiyi fəaliyyətlər də bunu təsdiqləyir.

Xatırlatmaq yerinə düşər ki, SOCAR-ın xaricdəki ən iri investisiya layihəsi qardaş Türkiyədə yerləşən STAR Neft Emalı Zavodudur. İllik təxminən 10 milyon ton xam neft emalı gücünə malik olan bu zavod Türkiyənin neft məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini qarşılayır və ölkənin idxaldan asılılığını azaldır. SOCAR-ın əsas səhmdarı olduğu “Petkim” isə Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksidir. Kompleks plastik, kimyəvi xammal və sənaye məhsulları istehsal etməklə regionun sənaye inkişafına mühüm töhfə verir.

Bununla yanaşı, SOCAR Rumıniyada onlarla yanacaqdoldurma məntəqəsi açaraq pərakəndə yanacaq satışında möhkəm mövqe qazanıb. Şirkət Sinqapurda, Birləşmiş Ərəb Əmirliklərində və digər enerji mərkəzlərində ticarət ofisləri açaraq beynəlxalq enerji ticarətində fəal iştirak edir. SOCAR Gürcüstanda qazpaylayıcı şəbəkənin əsas operatorlarından biri olmaqla yanaşı, burada qazlaşdırma, yanacaq satışı və sosial layihələr də həyata keçirir. Ukraynada isə yanacaqdoldurma stansiyaları şəbəkəsi vasitəsilə fəaliyyət göstərərək Avropa bazarında mövcudluğunu genişləndirir. Ümumilikdə, SOCAR bir çox ölkədə öz brendi altında yanacaqdoldurma məntəqələri açaraq beynəlxalq enerji brendi kimi tanınır.

Təbii ki, SOCAR-ın xaricdə reallaşdırdığı layihələr Azərbaycanın enerji strategiyasının beynəlxalq miqyasda uğurla həyata keçirildiyini göstərir. Şirkətin beynəlxalq genişlənməsində insan kapitalı və korporativ idarəetmə mexanizmləri də mühüm rol oynayır. SOCAR beynəlxalq standartlara uyğun idarəetmə modelləri tətbiq edir, xarici mütəxəssislərlə əməkdaşlıq edir və yerli kadrların beynəlxalq təcrübə qazanmasına şərait yaradır. Bu amillər SOCAR-ın qlobal layihələrdə uğurla iştirak etməsini və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir.

Son illərdə dünya enerji bazarında yaşıl enerji və karbon emissiyalarının azaldılması əsas prioritetlərdən birinə çevrilib. SOCAR da bu qlobal trendləri nəzərə alaraq beynəlxalq fəaliyyətində bərpaolunan enerji və ekoloji məsuliyyət prinsiplərinə xüsusi önəm verir. Xarici tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə ekoloji standartlara riayət olunması, enerji səmərəliliyinin artırılması və dayanıqlı inkişaf prinsipləri əsas götürülür. Bu yanaşma SOCAR-ın qlobal enerji bazarındakı mövqelərini möhkəmləndirməsinə imkan yaradır. Ümumilikdə isə SOCAR-ın beynəlxalq fəaliyyətinin daha da genişlənməsi Azərbaycanın qlobal enerji xəritəsində rolunu gücləndirir və milli maraqların təmin olunmasına xidmət edir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?