İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib

İranda etirazların ağır bilançosu: minlərlə ölən və on minlərlə saxlanılan
Ötən ilin 28 dekabr tarixində İranda başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda ümumilikdə 5848 nəfər həlak olub.
Təhlil.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin açıqlamasında qeyd edilib.
Məlumata əsasən, ölənlər arasında 209 hüquq mühafizə orqanı əməkdaşı da var. Etirazlar ölkənin müxtəlif bölgələrini əhatə edib və zorakılıqla müşayiət olunan hadisələr nəticəsində 41 283 nəfər saxlanılıb.
Qeyd olunur ki, rəsmi Tehran tərəfindən açıqlanan rəqəmlər fərqlidir. Belə ki, İran Şəhidləri və Veteranları Fondunun bir gün əvvəl yaydığı məlumatda etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3117 nəfərin öldüyü bildirilib.
Fərqli mənbələrin təqdim etdiyi rəqəmlər İranda baş verən hadisələrin real miqyası ilə bağlı beynəlxalq ictimaiyyətdə suallar doğurmaqda davam edir.