Bu gün

Avropa və ABŞ-dən Azərbaycana yeni böyük sərmayə axınına start verilir - TƏHLİL

Müasir dövrdə qlobal iqtisadiyyat dərin transformasiya mərhələsindən keçir və bunu şərtləndirən çoxsaylı səbəblər mövcuddur. Geosiyasi faktorlardan tutmuş texnologiyanın dinamik inkişafına qədər geniş diapazonda cərəyan edən proseslər dünya iqtisadiyyatında ciddi dəyişikliklərə gətirib çıxarır. Bu mənada Azərbaycan iqtisadiyyatı ilə bağlı da mühüm yeniliklər qeydə alınır və ölkəmizə sözügedən sahə üzrə beynəlxalq maraq əhəmiyyətli dərəcədə yüksəlir.

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, daha sonra sülh təşəbbüsləri ilə regionu sabitlik və tərəqqi məkanına çevirməsi dünyanın, o cümlədən müxtəlif transmilli şirkətlərin ölkəmizə marağını artırır. Azərbaycanın regionun lider dövləti kimi mövqeyi isə diqqətin daha çox ölkəmiz üzərində cəmlənməsinə səbəb olur.

Digər tərəfdən, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və zamanın tələblərinə uyğun atılan addımlar ölkənin investisiya cəlbediciliyini daha da artırır. İqtisadi inkişaf prosesində yeni sahələrin ön plana çıxarılması, əlverişli biznes mühiti və inkişaf etmiş infrastruktur çoxsaylı xarici investorların ölkəmizə marağını yüksəldir. Bu kontekstdə Azərbaycanda investisiya üçün bir sıra konkret sahələr əcnəbi investorları getdikcə daha çox cəlb edir.

Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı zamanı bu xüsusda qeyd edib:

“Bu gün Azərbaycana faydalı qazıntılar, bərpaolunan enerji, süni intellekt və məlumatlar mərkəzləri sahələrinə sərmayə qoyuluşu Avropa şirkətlərinin marağındadır. Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mənim və Prezident Trampın imzaladığı tarixi sənəddən sonra Amerika şirkətləri ilə əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu proses növbəti ay baş tutacaqdır. Bərpaolunan enerji mövzusu orada əksini tapmayıb, lakin məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıra digər sahələr həmin xartiyaya daxildir. Avqustun 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq dörd nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb. Hesab edirik ki, ABŞ ilə siyasi, iqtisadi, enerji və hətta müdafiə sahələrində yeni mərhələyə qədəm qoyuruq. Bu, Azərbaycan üçün ABŞ-dən birbaşa sərmayə cəlb etmək baxımından böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, avropalı tərəfdaşlarımız da bu məsələdə geri qalmayacaqlar”.

Qeyd olunanlar onu təsdiq edir ki, yaxın dövrdə Azərbaycana Qərb ölkələrindən yeni sərmayə axını başlayacaq. Üstəlik, bu dəfə diqqət daha çox qeyri-neft və qeyri-qaz sektoruna yönələcək. Bu kontekstdə nəzərə alınmalıdır ki, ənənəvi iqtisadi modellər tədricən bilik, texnologiya və dayanıqlılıq üzərində qurulan yeni yanaşmalarla əvəz olunur. Ölkələrin uzunmüddətli inkişafı düzgün seçilmiş prioritet sahələrə yönəldilən sərmayələrdən birbaşa asılıdır. Azərbaycan üçün faydalı qazıntılar, bərpaolunan enerji, süni intellekt və məlumatlar mərkəzləri strateji əhəmiyyət daşıyan əsas istiqamətlər kimi çıxış edir.

Nəzərə alınmalıdır ki, Azərbaycan zəngin faydalı qazıntı ehtiyatlarına malik ölkədir. Neft və qazla yanaşı, ölkə ərazisində qızıl, mis, molibden, dəmir filizi, alunit və digər qiymətli minerallar mövcuddur. Bu ehtiyatların səmərəli istismarı iqtisadiyyatın diversifikasiyası baxımından mühüm rol oynayır. Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün mədən sənayesinə müasir texnologiyalar və ekoloji standartlar əsasında sərmayə qoyuluşu vacibdir. Bu fonda işğaldan azad edilmiş ərazilərə də xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyev Davosda dünya ictimaiyyətinin nəzərinə çatdırıb ki, mədənçilik ölkəmiz üçün nisbətən yeni sahədir:

“Çünki nadir metallarımızın əksəriyyəti son beş-altı il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin həmin texnologiyalar tamamilə köhnəlmişdi”.

Bununla yanaşı, qlobal iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi məsələləri bərpaolunan enerjiyə investisiyaları qaçılmaz edir. Azərbaycan günəş və külək enerjisi potensialına görə regionda öncül mövqedədir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi bu sahədə böyük imkanlar yaradır. Bərpaolunan enerji layihələrinə qoyulan sərmayələr ölkənin enerji balansında neft və qazdan asılılığı azaldır, karbon emissiyalarını minimuma endirir və beynəlxalq ekoloji öhdəliklərin yerinə yetirilməsinə töhfə verir.

Texnoloji inkişafın əsas hərəkətverici qüvvələrindən biri olan süni intellekt artıq yalnız gələcəyin deyil, bu günün reallığıdır. Süni intellekt sənaye, kənd təsərrüfatı, səhiyyə, maliyyə, nəqliyyat və dövlət idarəçiliyi daxil olmaqla iqtisadiyyatın demək olar ki, bütün sahələrində səmərəliliyin artırılmasına xidmət edir. Azərbaycanda süni intellekt sahəsinə yatırılan sərmayələr insan kapitalının inkişafına, innovativ startap ekosisteminin formalaşmasına və rəqəmsal iqtisadiyyatın genişlənməsinə imkan yaradır.

Süni intellektin effektiv fəaliyyəti böyük həcmdə məlumatların emalı ilə birbaşa bağlıdır. Bu baxımdan məlumatlar mərkəzləri müasir iqtisadiyyatın strateji infrastruktur elementi hesab olunur. Məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu ölkənin rəqəmsal suverenliyini gücləndirir, informasiya təhlükəsizliyini təmin edir və beynəlxalq rəqəmsal xidmətlərin cəlb olunmasına şərait yaradır. Azərbaycanın coğrafi mövqeyi regional məlumatlar mərkəzinə çevrilməsi üçün mühüm üstünlükdür.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə enerji həm də ucuzdur:

“Bu gün istifadə etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə bilmədiyimiz 2 giqavat əlavə elektrik enerjisi potensialımız var. Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer Azərbaycandır”.

Bütün bunlar göstərir ki, bərpaolunan enerji, süni intellekt və məlumatlar mərkəzləri bir-birini tamamlayan sahələr kimi investisiyaların ümumi səmərəliliyini yüksəldir və dayanıqlı inkişaf modelinin formalaşmasına şərait yaradır. Sözügedən sahələrə yönəldilən məqsədyönlü və uzunmüddətli sərmayələr Azərbaycanın qlobal iqtisadi sistemdə rəqabət qabiliyyətini artırır, milli təhlükəsizliyi möhkəmləndirir və gələcək nəsillər üçün dayanıqlı iqtisadi əsaslar yaradır.

MTM Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?