Fərhad Kasenov: "Türk dövlətləri öz təhlükəsizlik “çətirini” qurmalıdır" - AÇIQLAMA

"Mövcud geosiyasi reallıqlar türk dövlətlərini öz təhlükəsizlik mexanizmlərini formalaşdırmağa sövq edir. Bizim öz təhlükəsizlik "çətirlərimiz" olmalıdır. Söhbət proaktiv təhlükəsizlik sistemindən gedir. Bu il Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi imkanları böyük perspektivlər açır. Bu, təkcə Azərbaycan üçün deyil, həm də Qazaxıstan və Özbəkistan üçün mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri təhlil.az saytına açıqlamasında qazaxıstanlı politoloq, “A+Analytics” Araşdırma Mərkəzinin rəhbəri Fərhad Kasenov deyib.
O rusiyalı ideoloq Aleksandr Duqinin bu kontekstdəki son çıxışına toxunaraq onun səsləndirdiyi fikirlərin ciddi təhlükə siqnalı kimi qiymətləndirib:
“Duqin son çıxışında açıq şəkildə bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan Rusiyanın mümkün fəaliyyətləri üçün plasdarm ola bilər. Təəssüf ki, son dövrlər bu tip bəyanatların sayı artıb. Daha əvvəl də rusiyalı təbliğatçılar keçmiş sovet respublikalarına qarşı "xüsusi hərbi əməliyyatların" aparılmasının zəruriliyindən danışırdılar. Məncə, bu cür bəyanatlara son dərəcə ciddi yanaşmaq lazımdır”.
Politoloq bu baxımdan Azərbaycanın Mərkəzi Asiya üzrə Məşvərət Şurasına tamhüquqlu iştirakçı kimi qoşulmasını müsbət addım kimi dəyərləndirib:
“Bu, olduqca pozitiv faktordur. Artıq "format 6" haqqında danışılır. Əslində bu, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən vahid platformadır”.
Kasenov qeyd edib ki, regionda münasibətlərin normallaşması bu prosesləri daha da sürətləndirə bilər:
“Biz görürük ki, Azərbaycanla Ermənistan arasında münasibətlər tədricən yaxşılaşır. Düşünürəm ki, Gürcüstan da bu prosesə qoşulacaq. Nəticədə Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən böyük bir meqaregion formalaşa bilər”.
Onun fikrincə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə daha sıx inteqrasiyası türk dünyası baxımından da strateji əhəmiyyət daşıyır:
“Biz hamımız türk dövlətləriyik. Türkiyə–Azərbaycan–Qazaxıstan–Özbəkistan xətti üzrə çox perspektivli bir birlik formalaşır. Bunlar böyük resurslara malik ölkələrdir və səylərini düzgün koordinasiya etdikləri təqdirdə bu geniş meqaregionun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə bilərlər”.
Rasim Babayev