Rusiya–ABŞ–Ukrayna görüşü Əbu-Dabidə keçiriləcək

Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü 3,5 saatdan çox, ümumilikdə isə təxminən 4 saat davam edib.
Təhlil.az xəbər verir ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Kremldə amerikalılarla aparılan danışıqları əhəmiyyətli adlandırıb.
Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ nümayəndə heyəti Putinə Donald Trampın Davosda Volodimir Zelenski ilə keçirdiyi görüş barədə məlumat verib.
Danışıqların nəticəsi olaraq tərəflər razılığa gəliblər ki, 23 yanvar tarixində Əbu-Dabidə Rusiya–ABŞ–Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilsin.
Rusiya tərəfinin danışıqlar qrupuna GRU-nun rəhbəri İqor Kostyukov başçılıq edəcək.
Görüş zamanı “Sülh Şurası”, Qrenlandiya və bir sıra digər mövzular da müzakirə olunub.
Bildirilib ki, Putin Uitkoffla görüşdən sonra Əbu-Dabiyə yola düşəcək Rusiya nümayəndə heyətinə müvafiq göstərişlər verib.
Həmçinin qeyd olunub ki, Kirill Dmitriyev və Stiv Uitkoff Əbu-Dabidə iqtisadi məsələlər üzrə Rusiya–ABŞ ikitərəfli işçi qrupunun rəhbərləri kimi ayrıca görüş keçirəcəklər.