22 yanvar

Geoiqtisadi dönüş nöqtəsi: Aİ Hindistanla niyə yaxınlaşır? - ŞƏRH

Son açıqlamalara görə, Avropa İttifaqı ilə Hindistan arasında uzun müddətdir müzakirə edilən sərbəst ticarət sazişi (Free Trade Agreement) çox böyük razılaşma mərhələsindədir və yaxın günlərdə yekunlaşa bilər. Aİ Xarici İşlər Komissarı Ursula Fon der Lyayen bu müqaviləni tarixi adlandırıb və danışıqların son mərhələdə olduğunu bildirib. Bu saziş yalnız bir ticarət razılaşması deyil, qlobal iqtisadi nizamın dəyişdiyi bir dönəmdə yeni geoiqtisadi və iqtisadi əməkdaşlıq modelinin formalaşmasının əlaməti kimi çıxış edir.

Razılaşma qüvvəyə minərsə, bu, təxminən 2 milyard insanı və dünya ÜDM-in təqribən 25 faizini əhatə edən nəhəng bazar birliyi yaradacaq. Mallar, xidmətlər, sərmayələr və sənaye sahələri üzrə əməkdaşlığın genişlənməsi tərəflər arasında ticarət axınlarını əhəmiyyətli dərəcədə artıra bilər. Tarif və qeyri-tarif maneələrinin mərhələli şəkildə aradan qaldırılması Aİ-Hindistan ticarət münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarmaq potensialına malikdir.

Hindistan üçün bu saziş sürətlə böyüyən iqtisadiyyatının ixrac imkanlarını genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə tekstil, dərman preparatları, avtomobil komponentləri və informasiya texnologiyaları sahələrində Avropa bazarına çıxış daha əlçatan ola bilər. Eyni zamanda, xidmət sektoru və yüksək texnologiyalar üzrə əməkdaşlıq Hindistana investisiya və texnologiya transferi baxımından əlavə üstünlüklər qazandıra bilər.

Avropa İttifaqı üçün isə bu razılaşma təkcə iqtisadi deyil, strateji məna daşıyır. Aİ Çin bazarından asılılığını azaltmaq və təchizat zəncirlərini şaxələndirmək siyasəti çərçivəsində Hindistanı əsas tərəfdaşlardan biri kimi görür. Bu saziş Avropa şirkətləri üçün geniş istehlak bazarına çıxış imkanı yaratmaqla yanaşı, investisiya və sənaye əməkdaşlığının dərinləşməsinə də şərait yaradır.

Bununla belə, razılaşmanın yekunlaşması hələ də müəyyən çətinliklərlə müşayiət olunur. Qeyri-tarif maneələr, ekoloji standartlar, karbon-sərhəd mexanizmləri, əqli mülkiyyət hüquqları və xidmət sektorunda hərəkətlilik məsələləri tərəflər arasında ən həssas mövzulardan biri olaraq qalır. Xüsusilə Aİ-nin karbon tənzimləmələri Hindistanın sənaye sektoru üçün əlavə yük yarada bilər.

Bu razılaşma qlobal kontekstdə də xüsusi əhəmiyyət kəsb edir. ABŞ-nin proteksionist ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatının təsir imkanlarının zəiflədiyi bir dövrdə iri regional və ikitərəfli ticarət sazişləri qlobal iqtisadi münasibətlərin əsas tənzimləyici mexanizmlərinə çevrilir. Aİ-Hindistan sazişi də bu yeni qlobal ticarət arxitekturasının mühüm elementlərindən biri kimi çıxış edə bilər.

Nəticə etibarilə, Aİ ilə Hindistan arasında gözlənilən sərbəst ticarət sazişi sıradan iqtisadi razılaşma deyil. Bu sənəd iqtisadi əməkdaşlıqla yanaşı, geoiqtisadi balanslaşdırma, bazar diversifikasiyası və qlobal ticarət sistemində yeni güc mərkəzlərinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Razılaşma reallaşacağı təqdirdə, bu, qlobal iqtisadi münasibətlərdə uzunmüddətli təsir yaradacaq mühüm hadisələrdən biri olacaq.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?