22 yanvar

ABŞ Azərbaycanın qlobal miqyasda sabitləşdirici rolunu önə çəkir - TƏHLİL

ABŞ-Azərbaycan münasibətlərində son aylarda müşahidə edilən dinamizm ikitərəfli əlaqələrin mahiyyətcə strateji mərhələyə qədəm qoyduğunu bir daha təsdiq edir. Bu həm siyasi dialoqun intensivləşməsində, həm də iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın genişlənməsində özünü büruzə verir.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın imzaladıqları Anlaşma Memorandumunun əhəmiyyətini bu baxımdan xüsusi qeyd etmək lazımdır. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan həmin sənəd ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək, tərəflərin bir-birini yalnız tərəfdaş deyil, müttəfiq kimi qəbul etmələrinə imkan yaradıb.

Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun yanvarın 21-də Bakıda keçirilən ikinci iclası tərəflərin münasibətləri institusional çərçivəyə salmaq, uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətində olduqlarını təsdiqləyib. Tərəflər sənəd üzərində işin tezliklə başa çatdırılmasını gələcək əməkdaşlığın məzmununu müəyyən edən mühüm məsələ kimi qiymətləndiriblər. Sənəddə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq yönündə inkişafını təmin edəcək bütün əsas fəaliyyət istiqamətlərin əksini tapması nəzərdə tutulur və bu da ikitərəfli əlaqələrin davamlılığını, proqnozlaşdırıla bilənliyini artıracaq.

Strateji İşçi Qrupunun ikinci iclasında enerji, ticarət, tranzit və nəqliyyat, sərmayə qoyuluşları, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın genişləndirilməsi ətrafında mühüm fikir mübadiləsi aparılıb. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropa və daha geniş bazarlar üçün etibarlı tərəfdaş olması rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıq gələcək onilliklər üçün münasibətlərin yeni təmayülü kimi nəzərdən keçirilir.

İkitərəfli münasibətlərin yeni mərhələyə keçidinin mühüm siyasi göstəricilərindən biri də “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi istiqamətində atılan konkret addımlardır. Belə ki, uzun illər ərzində Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq edilən bu düzəliş ölkəmizi ABŞ-nin hərbi və maliyyə yardımlarından kənarda saxlayaraq, sanksiya xarakteri daşıyırdı. İkinci Qarabağ müharibəsindən sonra keçmiş Co Bayden Administrasiyası tərəfindən hüquqi qüvvəsi qərəzli şəkildə bərpa edilmiş bu məhdudiyyətlərin aradan qaldırılması Donald Tramp Administrasiyasının siyasi iradəsi sayəsində mümkün olub.

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Lunanın ötən ilin dekabrında irəli sürdüyü qanun layihəsi 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tutur, birbaşa hərbi və maliyyə yardımı ilə bağlı məhdudiyyətlərin ölkəmizin xeyrinə aradan qaldırılmasını hədəfləyir. Bu təşəbbüs Azərbaycanın ABŞ-yə inam və etimadını artırmaqla yanaşı, regionda təhlükəsizlik mühitinə də müsbət təsir göstərir.

Münasibətlərin dinamizmlə inkişafında dövlət başçıları arasında formalaşan şəxsi münasibətlər, qarşılıqlı etimad və siyasi iradə amili xüsusi rol oynayır. Son aylarda ABŞ Prezidenti Donald Tramp müxtəlif beynəlxalq platformalarda Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini və sülh quruculuğu səylərini yüksək dəyərləndirib, ona xüsusi rəğbətini ifadə edib. Azərbaycanın D.Trampın təşəbbüsü ilə Qəzza münaqişəsi çərçivəsində yaradılması nəzərdə tutulan Sülh Şurasına təsisçi üzv qismində dəvət olunması və bu dəvətin rəsmi Bakı tərəfindən dərhal qəbulu ikitərəfli münasibətlərin strateji səviyyədə inkişafının növbəti təzahürü olub.

Coğrafi və demoqrafik baxımdan o qədər də böyük ölkə olmayan Azərbaycanın qlobal miqyaslı vacib təşəbbüsdə yer alması onun beynəlxalq sülh və sabitliyə verdiyi töhfələrin Ağ Ev tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Prezident İlham Əliyevin ABŞ Prezidentinə məktubunda vurğulandığı kimi, bu dəvət qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın, ölkəmizin regional, eləcə də qlobal miqyasda sülh təşviqində rolunun tanınmasının rəmzidir.

ABŞ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindən biri də hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Azərbaycan uzun illərdir ki, NATO ilə tərəfdaşlıq proqramları çərçivəsində fəal iştirak edir, ABŞ isə bu prosesdə əsas tərəfdaşlardan biri kimi çıxış edir. Terrorçuluqla mübarizə, sərhəd təhlükəsizliyi və regional sabitliyin təmini məsələlərində ABŞ ilə Azərbaycanın maraqları üst-üstə düşür. Bu da hərbi və təhlükəsizlik sahəsində strateji əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq Azərbaycanın regional təhlükəsizlik arxitekturasında mühüm aktor kimi mövqeyini gücləndirir.

İkitərəfli münasibətlərin inkişafının digər mühüm göstəricisi isə iqtisadi və ticarət sahəsində əməkdaşlığın, sərmayə qoyuluşunun genişlənməsidir. Fevralın 9-10-da ABŞ Ticarət Palatasının bu ölkənin Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk biznes missiyasının təşkili bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində ABŞ şirkətlərinə Azərbaycan dövlət qurumları və şirkətləri, özəl sektorun aparıcı nümayəndələri ilə birbaşa əlaqələr qurmaq imkanı yaradılacaq.

MTM Analitik Qrupu

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?