Arktika: soyuq müharibənin qaynar nöqtəsi - TƏHLİL

ABŞ Prezidenti Donald Trampın Davos İqtisadi Forumunda NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra Qrenlandiya və bütövlükdə Arktika bölgəsinin gələcəyi ilə bağlı “razılaşma çərçivəsi” formalaşdırıldığını açıqlaması qlobal siyasətdə yeni mərhələnin başlandığını göstərir. Bu bəyanat bir tərəfdən ABŞ-NATO münasibətlərinin yeni formatını, digər tərəfdən isə Arktikanın artıq regional deyil, qlobal təhlükəsizlik məsələsinə çevrildiyini ortaya qoyur. Belə ki, Arktika bölgəsində buzlaqların əriməsi ilə neft, qaz, nadir metallar və strateji minerallara çıxış asanlaşır. Qrenlandiya bu baxımdan dünyanın ən perspektivli ərazilərindən biri sayılır.
Digər tərəfdən, Şimal Dəniz Yolu Asiya-Avropa ticarətində Süveyş kanalına alternativ yaradır. Arktika həm də ABŞ, Rusiya və Çinin raket, radar və erkən xəbərdarlıq sistemləri üçün kritik zonadır. Bu reallıq fonunda Qrenlandiya artıq Danimarkanın uzaq muxtar ərazisinə deyil, qlobal güc balansının düyün nöqtəsinə çevrilib.
Donald Trampın açıqlamasında diqqət çəkən məqam ondan ibarətdir ki, söhbət birbaşa ilhaqdan yox, mexanizm və çərçivədən gedir. Bu isə ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun NATO mandatı ilə genişləndirilməsi, Arktikanın təhlükəsizliyi üçün kollektiv NATO nəzarət mexanizminin tətbiqi və ABŞ-Danimarka-NATO arasında Qrenlandiyanın statusunu dəyişmədən faktiki ABŞ təsirinə keçməsi ehtimalını gündəmə gətirir. Ən mühüm detal isə Trampın bu razılaşma fonunda gömrük tariflərinin tətbiq edilməyəcəyini bildirməsidir. Bu, Avropa ölkələri üçün açıq mesajdır. Yəni o, demək istəyir ki, Arktika mövzusunda əməkdaşlıq iqtisadi təzyiqlərin alternatividir.
Mətbuatda yayılan məlumata görə, Tramp ABŞ-yə birləşməyə səs verəcəkləri təqdirdə Qrenlandiya sakinlərinin hər birinə 1 milyon dollar veriləcəyini bildirib. Hüquqi baxımdan bu yanaşma ciddi suallar doğursa da, siyasi texnologiya baxımından Trampa xasdır. Əgər bu təklif realdırsa, ABŞ-nin məsələyə referendum yolu ilə “legitimlik” qazandırmaq istədiyindən xəbər verir. Digər tərəfdən bu, XXI əsrdə ərazi məsələlərinin artıq tankla deyil, pul, investisiya və vədlərlə həll edilməyə çalışıldığını göstərir. Bu, həm də klassik imperializmdən daha çox neo-imperial iqtisadi təsir modelidir. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putinin Alyaska müqayisəsi də təsadüfi deyil. Putin həm tarixi faktı xatırladır, həm də incə mesaj verir. O, demək istəyir ki, ABŞ-nin ərazi almaq presedenti var və ABŞ indi eyni modeli Qrenlandiyada tətbiq etməyə çalışır. Putinin Qrenlandiyanın dəyərini 200–250 milyon dollarla ifadə etməsi isə rəmzi xarakter daşıyır. Bu, əslində o deməkdir ki, ərazi məsələləri artıq bazar qiyməti ilə ölçülə bilməz, real dəyər geosiyasi nəzarətdir.
Trampın bəyanatında NATO-nun xüsusi vurğulanması təsadüfi deyil. ABŞ bu yolla Qrenlandiya məsələsini ABŞ-Danimarka mübahisəsindən çıxarıb NATO gündəminə gətirir. Avropanın məsuliyyətini artırır, Rusiyanın “ABŞ təkbaşına Arktikanı ələ keçirir” narrativini zəiflədir. Bu, eyni zamanda NATO-nun klassik Avropa təhlükəsizliyindən qütb təhlükəsizliyinə keçidinin göstəricisidir. Bir sözlə, Qrenlandiya ətrafında baş verənlər göstərir ki, qlobal nizam sərhədlər üzərindən deyil, resurslar üzərindən yenidən qurulur. ABŞ Arktikada liderliyi rəsmiləşdirmək istəyir, Rusiya isə tarixi arqumentlərlə prosesə qarşı çıxır. NATO tədricən qlobal təhlükəsizlik alyansına çevrilir. Bu prosesin yekununda Qrenlandiyanın rəsmi statusu dəyişməyə də bilər. Amma dəyişən odur ki, Arktika neytral zona olmaqdan çıxıb və XXI əsrin əsas geosiyasi döyüş meydanlarından birinə çevrilib.
MTM Analitik Qrupu