Sosial həssas qruplar üçün təhsil haqqı qaydası dəyişir

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.
Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu halda əlavə təhsil istisna təşkil edəcək.
Hazırda qüvvədə olan qanuna görə, həmin şəxslərin harada təhsil almasından asılı olmayaraq, ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsi hesabına qarşılanırdı. Yeni dəyişikliklə bu imkan məhdudlaşdırılır.
Layihədə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin dairəsi dəqiqləşdirilib. Təhsil haqqı dövlət büdcəsi hesabına ödənilən şəxslər sırasına aşağıdakılar daxildir:
valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər;
şəhid ailələrinin üzvləri;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər;
əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar;
hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin uşaqları;
məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları;
aztəminatlı ailələrdən olan və əlilliyi olan valideyni olan şəxslər;
Çernobıl AES qəzasından zərər çəkmiş ailələrin uşaqları;
işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025–2028-ci tədris illərində peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər.
Qanun layihəsi komitə iclasında müzakirə olunaraq növbəti mərhələdə Milli Məclisin plenar iclasına tövsiyə edilib.