20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il ötür.
Təhlil.az xəbər verir ki, bu tarix təkcə ümumxalq hüznü deyil, eyni zamanda azadlıq iradəsinin sarsılmazlığının simvoludur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunları Bakıya və ölkənin bir sıra rayonlarına yeridildi. Dinc əhali ağır hərbi texnika və müxtəlif silahlarla atəşə tutuldu. Fövqəladə vəziyyətin elanına qədər 82 nəfər öldürüldü, 20 nəfər ölümcül yaralandı. Fövqəladə vəziyyət tətbiq edildikdən sonra isə Bakı şəhərində daha 21 nəfər qətlə yetirildi. Bu rejimin elan olunmadığı Neftçala və Lənkəranda da əlavə qurbanlar oldu.
Nəticədə, qoşunların qanunsuz yeridilməsi 131 nəfərin ölümü, 744 nəfərin yaralanması ilə nəticələndi. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlılar, təcili yardım əməkdaşları və milis işçiləri vardı. Hadisələr kütləvi həbslərlə də müşayiət olundu: 841 nəfər qanunsuz saxlanıldı, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərinə aparıldı. Hərbi müdaxilə zamanı yüzlərlə ev və avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açıldı, yanğınlar törədildi.
Yanvar şəhidlərinin xatirəsi xalqın yaddaşında “20 Yanvar şəhidləri” kimi yaşayır. Ümumilikdə Azərbaycanın 150 belə şəhidi var.
Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də, Ümummilli Lider Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyə gələrək SSRİ rəhbərliyinin bu qanlı əməliyyatını açıq şəkildə pislədi və günahkarları ifşa etdi.
Sovet ordusunun sərt rejiminə baxmayaraq, xalq yanvarın 22-də Azadlıq meydanından başlayan möhtəşəm matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində iki milyona yaxın insan iştirak etdi. Xalqın tələbi ilə Ali Sovetin fövqəladə sessiyası çağırıldı və fövqəladə vəziyyətin ləğvi barədə qərar qəbul olundu.
1994-cü il martın 29-da Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. O vaxtdan etibarən 20 Yanvar hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.
Anım mərasimləri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilir: yanvarın 20-si səhər saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılır, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan edilir, nəqliyyat vasitələri səs siqnalları verir, dövlət bayraqları endirilir.
Qanlı Yanvar faciəsinin beynəlxalq miqyasda tanıdılması məqsədilə Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və icmaları tərəfindən də silsilə tədbirlər həyata keçirilir. Bu xatirə günü, xalqın azadlıq yolunda verdiyi qurbanların unudulmadığını bir daha təsdiqləyir.