Rubinyan: "Türkiyə və Azərbaycanla normallaşma prosesləri müsbət istiqamətdə gedir"

Ermənistanla Türkiyə, eləcə də Ermənistanla Azərbaycan arasında normallaşma prosesləri mahiyyət etibarilə fərqli olsa da, ölkələrin eyni regionda yerləşməsi bu proseslərin bir-birinə müəyyən dərəcədə təsir göstərməsinə səbəb olur.
Təhlil.az xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə normallaşma istiqamətində proseslər müsbət məcrada davam edir:
“Artıq müəyyən nəticələr görürük və gələcəkdə daha çox irəliləyişin şahidi olacağıq”.
Rubinyan Türkiyə ilə sərhəddə yerləşən Əlican keçid məntəqəsinin (Ermənistan tərəfindəki Marqara keçid məntəqəsi) bərpasının nəzərdə tutulduğunu da açıqlayıb.
O qeyd edib ki, əlavə addımların müzakirəsi üçün hələ tezdir və bu məsələlərlə bağlı məlumatlar “uyğun vaxtda” ictimaiyyətə açıqlanacaq.
Sədr müavini vurğulayıb ki, sərhədin yenidən açılması istiqamətində simvolik addımların 2026-cı ilin əvvəlində atılması planlaşdırılır və bütün proses mərhələli şəkildə həyata keçiriləcək:
“Sərhədin dərhal tam açılacağını gözləməməliyik. Prosesi zədələməmək üçün ehtiyatla və ölçülüb-biçilmiş addımlarla irəliləmək vacibdir.”
Rubinyan, həmçinin Ermənistanla Azərbaycan arasında normallaşma gündəliyinin də paralel şəkildə davam etdiyini və regional proseslərin qarşılıqlı təsirinin nəzərə alındığını qeyd edib.