Azərbaycan qlobal miqyasda iri sərmayədara çevrilir - MƏQALƏ

Azərbaycanın qlobal investor ölkəyə çevrilməsi son illərdə formalaşan makroiqtisadi sabitliyin, çevik və balanslı xarici siyasətin, eləcə də uzunmüddətli strateji hədəflərə əsaslanan iqtisadi idarəetmənin məntiqi nəticəsidir. Ölkə iqtisadiyyatı artıq yalnız daxili kapital qoyuluşlarını qarşılamaq və ixrac gəlirləri hesabına tarazlıq yaratmaq mərhələsini geridə qoyaraq, beynəlxalq maliyyə bazarlarında fəal iştirak edən və etibarlı tərəfdaş kimi qəbul olunan aktora çevrilib.
Makroiqtisadi dayanıqlıq, aşağı dövlət borcu, iri həcmli valyuta ehtiyatları və institusional islahatlar nəticəsində əldə edilən göstəricilər Azərbaycanın iri sərmayədar mövqeyini möhkəmləndirir. Bu reallıq beynəlxalq reytinq agentliklərinin hesabatlarında da aydın şəkildə əksini tapır. “Moody’s” beynəlxalq reytinq agentliyinin son açıqlamasında Azərbaycanın fiskal və makroiqtisadi mövqeyi müsbət qiymətləndirilir. Agentlik hesab edir ki, hökumətin borc yükü ortamüddətli perspektivdə ümumi daxili məhsulun (ÜDM) 30 faizindən aşağı səviyyədə qalacaq ki, bu da analoji reytinqə malik ölkələrlə müqayisədə daha əlverişli göstəricidir.
Bu qiymətləndirmə ölkənin uzun illərdir həyata keçirdiyi ehtiyatlı və aşağı borclanma siyasətinin nəticəsi kimi diqqət çəkir. Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanın xarici dövlət borcu hazırda 5,299 milyard dollar təşkil edir ki, bu da son bir ildə 1,162 milyard dollar və ya 18 faiz azalma deməkdir. Ümumilikdə, xarici dövlət borcunun ÜDM-in 7 faizindən aşağı səviyyədə qalması Azərbaycanı qlobal miqyasda ən az borclu ölkələr sırasında saxlayır və maliyyə müstəqilliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir.
“Moody’s” Azərbaycanın “Baa3” səviyyəsində uzunmüddətli kredit reytinqini ölkənin xalis kreditor mövqeyi ilə əlaqələndirir. Agentlik eyni zamanda əsas maliyyə dayaq mənbəyi kimi Azərbaycan Dövlət Neft Fondunda cəmləşən iri həcmli maliyyə aktivlərini xüsusi vurğulayır. Qeyd olunur ki, pul-kredit siyasətində əldə olunan irəliləyişlər ölkənin xarici iqtisadi mövqelərini möhkəmləndirir, maliyyə sisteminin davamlılığını artırır və dövlət borcunun kəskin artması risklərini minimuma endirir.
Reytinq agentliyinin açıqlamasında iqtisadiyyatın şaxələndirilməsi siyasətinin artıq real nəticələr verdiyi də qeyd edilir. “Moody’s”in qiymətləndirməsinə görə, 2025-ci ildə Azərbaycanın ÜDM artımı təxminən 1,5 faiz təşkil edib və bu artım neft-qaz sektorundakı azalmanın qeyri-neft sektorundakı dayanıqlıq hesabına qismən kompensasiya edildiyini göstərir. Eyni zamanda, 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalar agentlik tərəfindən müsbət qiymətləndirilir. Diplomatik fəallığın artması və regional gərginliyin azalması ölkənin iqtisadi reytinqinə müsbət təsir göstərən əlavə amil kimi dəyərləndirilir.
Hər bir ölkə üçün strateji valyuta ehtiyatları iqtisadi və maliyyə təhlükəsizliyinin əsas təminat mexanizmlərindən biridir. Bu ehtiyatlar makroiqtisadi sabitliyin qorunması, milli valyutanın dayanıqlığı, risklərin azaldılması və uzunmüddətli inkişaf strategiyalarının reallaşdırılması baxımından həlledici rol oynayır. Azərbaycanın strateji valyuta ehtiyatlarının 85 milyard dollara yaxınlaşması ölkənin qlobal investor imicinin güclənməsində mühüm rol oynayır. Sözügedən ehtiyatlar qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə və xarici bazarlarda strateji investisiya qərarlarının qəbuluna geniş imkanlar yaradır.
Ümumilikdə, son 25 ildə Azərbaycanın xarici ölkələrə yönəltdiyi birbaşa investisiyaların həcminin 29 milyard dolları ötməsi ölkənin sərmayə cəlb edən dövlətdən iri sərmayədara çevrildiyini aydın şəkildə göstərir. Bu investisiyalar yalnız maliyyə gəliri əldə etmək məqsədi daşımır, eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat-logistika, sənaye və maliyyə sektorlarında Azərbaycanın uzunmüddətli iqtisadi mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.
2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycanın xarici ölkələrin iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcminin 2 milyard 38 milyon dollara çatması və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz artması ölkənin kapital ixrac edən dövlət statusunu daha da möhkəmləndirir. Sözügedən dövrdə investisiyaların 542,6 milyon dolları İsrailə, 289 milyon dolları Türkiyəyə, 250 milyon dolları Birləşmiş Ərəb Əmirliklərinə, 176 milyon dolları Birləşmiş Krallığa, 118 milyon dolları isə İtaliyaya yönəldilib. İsrailə yatırılan investisiyaların yüksək payı Aralıq dənizində yerləşən “Tamar” enerji layihəsi ilə bağlıdır.
İnvestisiyaların coğrafiyası Azərbaycanın əsasən strateji tərəfdaş ölkələrin iqtisadiyyatına kapital yönəltdiyini göstərir. Bu yanaşma ölkənin etibarlı və uzunmüddətli investor imicini gücləndirməklə yanaşı, siyasi və iqtisadi risklərin neytrallaşdırılmasına da imkan yaradır.
Digər mühüm makroiqtisadi göstəricilər də xarici investisiya fəallığının sağlam təməllər üzərində formalaşdığını təsdiqləyir. 2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq ÜDM istehsal olunması və əvvəlki illə müqayisədə 1,4 faiz artımın qeydə alınması iqtisadi aktivliyin qorunduğunu göstərir. Xüsusilə qeyri-neft-qaz sektorunda 5,5 faizlik artım diversifikasiya siyasətinin real nəticələr verdiyini və iqtisadiyyatın neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldıldığını sübut edir.
MTM Analitik Qrupu