Günəşdə güclü partlayış qeydə alınıb: Yerə təsir ehtimalı var

Günəşdə X1.95 gücündə güclü alışma baş verib.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdində fəaliyyət göstərən Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Məlumata görə, partlayış iri miqyaslı olub və təxminən 500 min kilometr sahəni əhatə edərək Günəşin mərkəzi hissəsinin demək olar ki, tamamını prosesə cəlb edib. İlkin qiymətləndirmələr göstərir ki, alışma zamanı iki iri protuberans tam və ya qismən dağılaraq plazmanın kosmosa atılmasına səbəb olub.
Laboratoriya bildirir ki, yaxın 1–2 saat ərzində Günəşətrafı fəzada formalaşan plazma buluduna dair birbaşa müşahidə nəticələri daxil olacaq və onun hərəkət istiqaməti dəqiqləşdiriləcək. Bununla belə, partlayışın Günəş diskinin mərkəzində baş verməsi plazma axınının Yer istiqamətində hərəkət etməsi ehtimalını artırır.
Mütəxəssislər qeyd edirlər ki, belə hadisələr Yer maqnit sahəsində pozuntulara, rabitə və naviqasiya sistemlərində müvəqqəti nasazlıqlara səbəb ola bilər. Hadisə ilə bağlı müşahidələr davam etdirilir.