Dünən

Azərbaycan Davosda: qlobal dialoqda artan rol - TƏHLİL

Yanvarın 19-dan 23-dək İsveçrənin Davos şəhərində keçiriləcək ənənəvi Dünya İqtisadi Forumu (Davos Forumu) qlobal siyasət və iqtisadiyyat üçün mühüm hadisə hesab olunur. Bu il 56-cı dəfə təşkil edilən toplantı dünyada artan geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənliklər və sürətlə inkişaf edən texnoloji dəyişikliklər fonunda beynəlxalq dialoq üçün əsas platformalardan biri olaraq qalır.

BMT-nin İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusa malik olan Forumun builki “Dialoq ruhu” devizi də mövcud qlobal reallıqları əks etdirir. Son illər dünyada qarşıdurma ritorikasının güclənməsi, sanksiyaların və ticarət müharibələrinin artması beynəlxalq əməkdaşlıq imkanlarını xeyli daraldıb. Məhz bu baxımdan builki Forumun gündəliyində dövlətləri və biznes dairələrini səmərəli dialoqa təşviq etmək, fərqli maraqları bir masa ətrafında müzakirə etmək kimi vacib vəzifələr ön plana çıxır. Ümumi qənaət ondan ibarətdir ki, qlobal problemlər yalnız kollektiv yanaşma və qarşılıqlı anlaşma yolu ilə həllini tapa bilər.

Beynəlxalq sistemdə parçalanma meyllərinin gücləndiyi bir dövrdə Davos Forumu dialoq, qarşılıqlı anlaşma və ortaq həll yollarının axtarışı baxımından mühüm müzakirələrlə yadda qalacaq. Tədbirdə təxminən 3 min iştirakçının, o cümlədən 130-dan çox ölkədən siyasi liderlərin, hökumət başçılarının, iri şirkət rəhbərlərinin, beynəlxalq təşkilat nümayəndələrinin və ekspertlərin iştirakı gözlənilir. Forumun gündəliyində qlobal iqtisadi artımın zəifləməsi, ticarət və enerji təhlükəsizliyi, geosiyasi risklər, süni intellekt və yeni texnologiyalar, iqlim dəyişiklikləri və sosial bərabərsizlik kimi mövzular əsas yer tutacaq.

Forumun sessiyaları, bir qayda olaraq, işgüzar və səmimi atmosferdə keçirilir. Aparılan müzakirələr qlobal iqtisadi proseslərin nəzarətdə saxlanılması, dünya dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, iri şirkətlər arasında tərəfdaşlıqların formalaşdırılması və qarşılıqlı sərmayələrin təşviqi baxımından mühüm imkanlar yaradır. Davos Forumundakı müzakirələr adətən iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlərin, eləcə də investisiya qoyuluşlarını təşviq edən konkret ideya və təkliflərin irəli sürülməsi ilə yadda qalır.

Davos Forumu yalnız açıq sessiyalarla məhdudlaşmır, eyni zamanda qeyri-rəsmi təmaslar, ikitərəfli və çoxtərəfli görüşlər vasitəsilə konkret qərarların müzakirə edildiyi və razılaşdırıldığı əməkdaşlıq platforması kimi tanınır. Bu kontekstdə Forumun Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Rəsmi Bakı uzun illərdir bu platformada fəal şəkildə təmsil olunur və Davos Forumunu ölkəmizlə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm tribuna kimi dəyərləndirir. Builki Forumda da Azərbaycan rəhbərliyinin iştirakı gözlənilir ki, bu da ölkəmizin qlobal proseslərdə artan rolunun nümayişi baxımından önəmlidir.

Azərbaycan hər il Davos Forumuna Cənubi Qafqazda iqtisadi baxımdan sürətlə inkişaf edən, qlobal iqtisadi-siyasi proseslərə təsir imkanları ilə seçilən və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət kimi dəvət alır. Prezident İlham Əliyev Forumda daim diqqət mərkəzində olan dövlət başçılarından biri kimi çıxış edərək dünyanın aparıcı dövlətlərini və transmilli şirkətləri Azərbaycanda sərmayə yatırmağa dəvət edir.

Ölkəmizin investisiya reytinqlərinin ildən-ilə yaxşılaşması, strateji valyuta ehtiyatlarının artması, kosmik sənaye sahəsində həyata keçirilən layihələr, yaşıl enerji istehsalı üzrə qlobal təşəbbüslər və digər üstünlüklər Davos Forumunda təmsil olunan ölkələr və işgüzar dairələr üçün cəlbedici amillər kimi qiymətləndirilir. Cənubi Qafqazda həyata keçirilən qlobal layihələrdən kənarda qalan Ermənistandan fərqli olaraq, Azərbaycan transmilli şirkətlərin və qlobal biznes çevrələrinin xüsusi maraq dairəsindədir.

İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərimizin zəngin iqtisadi potensialının beynəlxalq forumlar və sərgilər vasitəsilə dünyaya təqdim olunması, qlobal şirkətlərin bu ərazilərə investisiya yatırmasının stimullaşdırılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan infrastruktur layihələri – avtomobil və dəmir yollarının çəkilməsi, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası – məhz bu məqsədlərə xidmət edir. Bu proseslər dövlət-özəl sektor tərəfdaşlığının genişlənməsi və yerli və xarici sahibkarlar üçün yeni imkanların yaranmasına şərait yaradır.

Azərbaycan üçün Davos Forumu, ilk növbədə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, yaşıl enerjiyə keçid və rəqəmsal transformasiya kimi prioritet iqtisadi məsələlərin beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları kimi təşəbbüslər Davos platformasında daha geniş beynəlxalq dəstək qazana bilər.

Forum çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər müxtəlif ölkələrlə siyasi dialoqun dərinləşməsinə, yeni əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaradır. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin Davos kimi qlobal platformada geniş auditoriyaya təqdim olunması ölkəmizin beynəlxalq nüfuzunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda Forumun “Dialoq ruhu” devizi Azərbaycanın regional və beynəlxalq siyasətdə balanslı, praqmatik və əməkdaşlığa açıq siyasi xətti ilə tam səsləşir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?