13 yanvar

Rusiya mediasından Ermənistana açıq hərbi çağırış - ŞƏRH

Bu gün dünyanın üzləşdiyi əsas problemlərdən biri beynəlxalq hüquq normalarının pozulmasının adi hala çevrilməsi, qlobal nizamın isə getdikcə daha xaotik mühitə sürüklənməsidir. Elə bu səbəbdəndir ki, əvvəllər təsəvvür edilməsi belə mümkün olmayan hallar indi az qala adi xarakter daşımağa başlayıb. Dünyanın bu proseslərə tədricən alışması isə problemin miqyasını daha da genişləndirir. Belə bir şəraitdə yeganə effektiv müdafiə mexanizmi hər bir dövlətin güclü olması və etibarlı müttəfiqlik münasibətləri qurmasıdır. Azərbaycan bu baxımdan ən uğurlu nümunələrdən birinin müəllifidir. Lakin eyni fikri bütün ölkələr haqqında söyləmək mümkün deyil. Məsələn, Cənubi Qafqazın ən zəif dövləti hesab edilən Ermənistan bu gün də xarici təhdidlərə qarşı olduqca həssas vəziyyətdədir. Elə bu kontekstdə də sözügedən ölkəyə qarşı yenidən açıq hədələr səsləndirilir.

Qeyd edilməlidir ki, Kremlin əsas təbliğatçılarından biri kimi tanınan Vladimir Solovyov Rusiyanın Ermənistana qarşı “xüsusi hərbi əməliyyat” başlatmasının zəruriliyini bəyan edib. Məlumdur ki, “xüsusi hərbi əməliyyat” termini Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü ifadə etmək üçün istifadə olunur. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Solovyov bu fikirləri dövlət televiziyasının efirində səsləndirir və buna görə Rusiya rəhbərliyi tərəfindən heç bir iradla üzləşmir.

Solovyov ABŞ-ın Venesuelaya son müdaxiləsinə toxunaraq, bunun Rusiyanın uzunmüddətli müttəfiqi olan prezident Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələndiyini iddia edib və diqqəti Ermənistana yönəldib:
“Bizim üçün Ermənistandakı hadisələr Venesueladakından qat-qat daha ağrılıdır. Ermənistanı itirmək nəhəng bir problemdir. Biz məqsədlərimizi dəqiq müəyyənləşdirməliyik. Oyun vaxtı bitib. Cəhənnəm olsun beynəlxalq hüquq və qlobal nizam. Əgər milli təhlükəsizliyimiz naminə Ukrayna ərazisində xüsusi hərbi əməliyyat başlatmaq zəruri idisə, eyni mülahizələrə əsaslanaraq təsir dairəmizin digər nöqtələrində niyə başlatmayaq?”

Daha sonra fikirlərində emosional tonu artıran Solovyov Mərkəzi Asiyanı da hədəfə alaraq bu regionu “bizim Asiya” adlandırıb və bölgənin Qərbə yönəlməsini “nəhəng problem” kimi xarakterizə edib.

Dövlət telekanalının efirində səsləndirilən bu cür bəyanatlara Kremlin tərəfindən hər hansı etirazın olmaması fonunda bir sıra ekspertlər belə yanaşmanın Moskvanın real niyyət və istəklərinin ifadəsi kimi qəbul edilə biləcəyini bildirirlər. Elə bu kontekstdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Solovyovun açıqlamaları ilə bağlı etiraz notası təqdim edilib.

Nazirliyin mətbuat katibi Ani Badalyanın açıqlamasında deyilir:
“Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət telekanalının proqramında səsləndirilmiş açıqlamalarla bağlı dərin narahatlığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Bu bəyanatlar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz müdaxilə, düşmənçiliyin təzahürü və Ermənistan–Rusiya münasibətlərinin əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.”

Erməni mediası xatırladır ki, 2013-cü ildə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Vladimir Solovyovu “Ermənistan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” “Şərəf” ordeni ilə təltif edib. Bu fonda armenianreport portalı yazır ki, həmin addım o dövrdə İrəvanın Moskvaya sədaqət nümayiş etdirməsinin bir hissəsi idi. Lakin bu gün həmin mükafat əvvəlki hakimiyyətin Rusiya media-siyasi elitasının mahiyyətini düzgün qiymətləndirmədiyinin simvoluna çevrilib.

Nəşr vurğulayır ki, problem Solovyovun “dəyişməsi” deyil, reallığın dəyişməsidir. Onun ritorikası artıq mücərrəd bəyanatlardan çıxaraq real təhlükə siqnallarına çevrilib. Ukraynadakı müharibə fonunda regional təhlükəsizlik sisteminin faktiki olaraq dağılması “təsir zonalarının digər hissələrində hərbi əməliyyatlar” barədə səsləndirilən fikirləri sırf ritorikadan çıxarır. Bu, həm xarici auditoriyaya, həm də güc tətbiqinin məqbul olduğuna inandırılan Rusiya daxili auditoriyasına yönəlmiş mesajdır.

Bu fonda Ermənistanda Solovyova qarşı sərt mövqenin formalaşması başadüşüləndir. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri də daxil olmaqla bir sıra siyasətçilər onun fikirlərini pisləyib və Serj Sarkisyan tərəfindən təqdim edilmiş dövlət mükafatının ləğv edilməsini tələb ediblər. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Solovyovun ünvanına sərt ifadələr işlədərək bildirib:
“İt hürər, karvan keçər. Bu halda it rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu Solovyovdur, karvan isə sülhə və inkişafa doğru irəliləyən ölkəmizdir.”

Hakim partiyadan deputat Arusyak Julhakyan Solovyovun açıqlamalarını Ermənistana qarşı düşmən münasibətin açıq təzahürü adlandırıb. Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Hakobyan isə onu açıq şəkildə manyak adlandıraraq dövlət mükafatından məhrum edilməsinin zəruri olduğunu bildirib.

“OC Media” nəşri xatırladır ki, Ermənistan–Rusiya münasibətləri pisləşdikcə Solovyov hökuməti və baş nazir Nikol Paşinyanı da açıq şəkildə təhqir edib və bu, 2024-cü ildə onun proqramının Ermənistanda bloklanması ilə nəticələnib. “CivilNet” isə qeyd edir ki, Solovyovun son açıqlamaları Rusiya dövlət mediasında Ermənistana birbaşa müdaxilə çağırışlarının ən açıq nümunələrindən biridir.

Beləliklə, baş verən proseslər Rusiya–Ermənistan münasibətlərinin gərgin məcrada davam etdiyini göstərir. Ermənistanın hələ də kənar təhdidlərə qarşı son dərəcə həssas olması isə region üçün əlavə risklər yaradır. Beynəlxalq hüququn zəiflədiyi mövcud şəraitdə bu cür tendensiyalar Cənubi Qafqazda sülh və əməkdaşlıq prosesləri üçün ciddi təhlükə mənbəyidir və Azərbaycan bu cür ssenarilərin əleyhinədir.

Beynəlxalq hüquq mühüm və zəruri mexanizm olsa da, onun tətbiqində ciddi problemlər mövcuddur. Siyasi maraqların hüquqdan üstün tutulması, icra mexanizmlərinin zəifliyi və qlobal bərabərsizliyin dərinləşməsi bu sistemi iflic vəziyyətə salır. Belə bir şəraitdə Ermənistan üçün ən rasional seçimlərdən biri Azərbaycan və Türkiyə ilə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Hər halda, erməni cəmiyyəti və dövləti bu gün real seçim qarşısındadır.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?