13 yanvar

Fərhad Tolipov: "Bakı Mərkəzi Asiya üçün yeni geosiyasi dayaq nöqtəsinə çevrilir" - AÇIQLAMA

"Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məsləhətçi görüşlərinin tamhüquqlu iştirakçısına çevrilməsi regionda yeni geosiyasi reallıqlar formalaşdırıb".

Bu fikirləri təhlil.az saytına açıqlamasında özbək politoloq, “Bilik karvanı” qeyri-dövlət elmi-təhsil müəssisəsinin direktoru, siyasi elmlər doktoru Fərhad Tolipov deyib.

O bildirib ki, son illərdə baş verən proseslər bu nəticəyə mərhələli şəkildə zəmin yaradıb:

“Azərbaycan və Mərkəzi Asiya ölkələri qohum xalqlar və dövlətlərdir. Bu həqiqət uzun illərdir ölkə liderlərinin ideoloji çıxışlarında səsləndirilir. Biz din, dil, mənəvi dəyərlər və tarixi mənşə baxımından bir-birimizə yaxınıq. Bu baxımdan da Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təmsil olunması təsadüfi deyil".

Ekspertin fikrincə, Azərbaycanla Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistan arasında əməkdaşlıq ardıcıl yüksələn xətt üzrə inkişaf edib və əhəmiyyətli təcrübə formalaşıb:
“Bu yaxınlaşma nəticəsində Bakı ilə Daşkənd arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Strateji tərəfdaşlıq isə qarşılıqlı etimadın yüksək səviyyəsini, beynəlxalq gündəliyin əsas məsələlərində mövqelərin yaxınlığını və zərurət yarandıqda qarşılıqlı dəstək mexanizmlərini nəzərdə tutur. Yəni bir müttəfiqə yaranan təhlükə digəri üçün də oxşar çağırış kimi qiymətləndirilir”.

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev yaxın zamanda əməkdaşlığın müxtəlif sahələr üzrə, o cümlədən hərbi sahədə genişləndirilməsi təşəbbüsü ilə çıxış edib:
“Birgə təlimlərin keçirilməsi, hərbi kadrların qarşılıqlı hazırlanması, hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi kimi ideyalar səsləndirilib. Bu təşəbbüs son dərəcə yerində və vaxtında irəli sürülüb.”

F. Tolipov xatırladıb ki, Mərkəzi Asiya ölkələri arasında əvvəllər də birgə hərbi təlimlər keçirilib və Azərbaycanın bu sahədə mühüm praktiki təcrübəsi var:
“Son illərdə Bakı hərbi sahədə ciddi təcrübə toplayıb. Azərbaycanın Qarabağda qazandığı qələbə, üzləşdiyi geosiyasi çağırışlar və Ukraynaya verdiyi cəsarətli dəstək bunu sübut edir”.

Onun qənaətinə əsasən, bu potensial Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa strateji dəyər qata bilər:
“Bundan əlavə, Bakının NATO üzvü olan Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur. Bütün bunları ümumiləşdirsək, Prezident İlham Əliyevin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi əməkdaşlıq təşəbbüsü real, effektiv və qarşılıqlı faydalı nəticələr verə bilər”. 

Rasim Babayev 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?