Türkiyə regiondakı gərginlik fonunda hazırlıq səviyyəsini artırdı

Türkiyə bölgədə baş verən proseslər fonunda hazırlıq səviyyəsini maksimum həddə çatdırıb.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İran və digər qonşu ölkələrdə cərəyan edən hadisələrlə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, regionda son dərəcə dinamik və sürətlə dəyişən proseslər müşahidə olunur və Türkiyə həm yaxın qonşuluqda, həm də daha geniş coğrafiyada baş verən hadisələri daim diqqətdə saxlayır. Çelik qeyd edib ki, əvvəllər həftələr və aylar tələb edən proseslər artıq bəzən saatlar ərzində reallaşır.
AKP sözçüsü vurğulayıb ki, İran, Suriya və İraq sərhədlərindən, eləcə də Qara dəniz və Şərqi Aralıq dənizi bölgəsindən qaynaqlanan proseslər çoxşaxəli şəkildə qiymətləndirilir.
“Təhlükəsizlik baxımından Türkiyə Silahlı Qüvvələri, diplomatik və kəşfiyyat strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bununla yanaşı, mümkün iqtisadi təsirlər də nəzərə alınaraq genişmiqyaslı hazırlıq tədbirləri görülür”, – deyə Ömər Çelik bildirib.
AKP rəsmisinin sözlərinə görə, Türkiyə regional sabitliyin qorunması və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün ssenarilərə hazır vəziyyətdədir.