10 yanvar

Azərbaycan faktoru NATO-nun Cənubi Qafqaza marağını artırır - TƏHLİL

Cənubi Qafqazda Azərbaycan tərəfindən yaradılan yeni reallıqlar dünya miqyasında bu regiona marağın daha da artmasına səbəb olub. Eyni zamanda Azərbaycanın atdığı addımlar nəticəsində regionun Avrasiyada mühüm nəqliyyat qovşağına çevrilməsi Cənubi Qafqazı getdikcə daha çox diqqət mərkəzinə gətirir. Bu mənada dünyanın ən güclü hərbi-siyasi alyanslarından biri hesab edilən NATO-nun da regionda baş verən proseslərə əvvəlkindən daha böyük maraq göstərməsi təəccüblü deyil.

NATO-nun Cənubi Qafqaza marağı müasir beynəlxalq münasibətlər sistemində geosiyasi, təhlükəsizlik, nəqliyyat və enerji amillərinin kəsişməsində formalaşır. Hazırda Cənubi Qafqaz alyans üçün birbaşa üzv olmayan, lakin strateji əhəmiyyət daşıyan bölgələrdən biri kimi çıxış edir. Regionun Avropa ilə Asiyanı birləşdirən tranzit mövqeyi, mürəkkəb təhlükəsizlik mühiti və böyük güclərin maraqlarının kəsişdiyi məkan olması NATO-nun diqqətini cəlb edən əsas səbəblərdəndir.

Cənubi Qafqazın NATO üçün əhəmiyyətini artıran əsas amillərdən biri enerji təhlükəsizliyidir. Xəzər hövzəsinin zəngin enerji resursları və bu ehtiyatların Avropa bazarlarına nəqli üçün istifadə olunan boru kəmərləri regionu Avropanın enerji şaxələndirmə siyasətində mühüm həlqəyə çevirir. NATO birbaşa enerji ittifaqı olmasa da, üzv dövlətlərin enerji təhlükəsizliyi alyansın ümumi təhlükəsizlik gündəminin tərkib hissəsidir. Bu baxımdan Cənubi Qafqazda enerji infrastrukturlarının təhlükəsizliyi NATO-nun strateji maraqları ilə üst-üstə düşür. Enerji layihələrinin mərkəzində Azərbaycanın yer alması isə alyansın Azərbaycanla münasibətlərinə xüsusi önəm verməsini şərtləndirir.

Eyni zamanda NATO-nun Cənubi Qafqaza marağı üzvlük perspektivindən çox, təhlükəsizlik, sabitlik və tərəfdaşlıq kontekstində formalaşır. Bu xüsusda regionun lider ölkəsi olan Azərbaycanla əməkdaşlıq alyans üçün xüsusi əhəmiyyət daşıyır. Region ölkələri arasında məhz Azərbaycanın daha güclü və NATO standartlarına uyğun orduya malik olması da qurumun diqqətini ölkəmizə yönəldən əsas amillərdəndir.

Bunu NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici ofisinin rəhbəri Aleksandr Vinnikov da təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycan alyans üçün sadiq tərəfdaşdır və NATO müttəfiqləri, eləcə də digər tərəfdaş ölkələrlə təhlükəsizlik, müdafiə islahatları, kibermüdafiə və terrorizmlə mübarizə daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Aleksandr Vinnikov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının və alyansla interoperabelliyinin artırılması NATO–Azərbaycan tərəfdaşlığının əsas istiqamətlərindən biridir.

O xatırladıb ki, Azərbaycanın 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakı alyansa və müttəfiq dövlətlərə birgə əməliyyatlar üçün seçilmiş bölmələrin inkişafında ölkəmizə dəstək verməyə imkan yaradıb. Proqram çərçivəsində Azərbaycan NATO standartlarına uyğun bölmələr formalaşdırır, alyans rəhbərliyi altında sülhməramlı əməliyyatlar üçün qüvvələr hazırlayır və gələcəkdə iştirak edə biləcəyi potensial missiyalar üzrə imkanlarını genişləndirir. O, həmçinin Azərbaycanın Kosovo və Əfqanıstanda NATO rəhbərliyi altında keçirilən missiyalara əhəmiyyətli töhfələr verdiyini və Tərəfdaşlıq üzrə Qərargah Vəzifələri təşəbbüsü vasitəsilə NATO-nun hərbi strukturlarında nəzərəçarpacaq mövcudluğunu qoruduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycan minalardan təmizləmə və kritik enerji infrastrukturunun, o cümlədən terror təhlükələrindən qorunması sahəsində əməkdaşlıqda da uzunmüddətli maraq nümayiş etdirir.

Beləliklə, NATO-da hesab edilir ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu artan xətt üzrə inkişaf edir. Bu xüsusilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra daha qabarıq şəkildə özünü göstərir. Alyans da qəbul edir ki, Azərbaycanın yürütdüyü siyasət regional sabitliyin formalaşmasında həlledici təsirə malikdir.

Faktdır ki, Azərbaycanın təhlükəsizlik sahəsindəki rolunun əsasını ərazi bütövlüyü və suverenlik prinsipinə əsaslanan dövlət siyasəti təşkil edir. Uzun müddət davam etmiş Ermənistan–Azərbaycan münaqişəsi Cənubi Qafqazda qeyri-sabitliyin əsas mənbələrindən biri olub. 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regionda yeni geosiyasi reallıq yaradıb və bu proses regional təhlükəsizlik mühitinin yenidən formalaşmasına birbaşa təsir göstərib.

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti də regional təhlükəsizliyə mühüm töhfə verir. Ölkə həm Qərb institutları, həm də Rusiya, Türkiyə, Çin və İran kimi regional güclərlə praqmatik münasibətlər qurur. Bu yanaşma Azərbaycanın qarşıdurma deyil, dialoq və əməkdaşlıq platforması kimi çıxış etməsinə imkan yaradır və bu mövqe bütün Cənubi Qafqaza təsir edir.

Postmünaqişə dövründə Azərbaycanın sülh gündəliyi regionda uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və regional əməkdaşlıq təşəbbüsləri təhlükəsizliyin yalnız hərbi deyil, sosial-iqtisadi əsaslar üzərində qurulmasına yönəlib. Azərbaycan regionda davamlı sülhün yalnız qarşılıqlı etimad və əməkdaşlıq yolu ilə mümkün olduğunu vurğulayaraq konstruktiv mövqe nümayiş etdirir.

Bütün bu amillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında aparıcı və formalaşdırıcı rol oynayır. Onun hərbi-siyasi imkanları, enerji və nəqliyyat layihələri, balanslı diplomatiyası və sülh təşəbbüsləri regionda sabitliyin möhkəmlənməsinə real töhfələr verir. Məhz bu da NATO-nun Cənubi Qafqaza, xüsusilə də Azərbaycanla əməkdaşlığa marağını daha da artırır. Qarşıdakı dövrdə alyansın Azərbaycanla tərəfdaşlığı daha da dərinləşdirməklə regionda proseslərdə daha fəal rol oynayacağı gözlənilir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?