Valideyn himayəsindən məhrum uşaqlar üçün vahid anlayış müəyyənləşdirilir

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaq anlayışından vahid termin kimi istifadə olunacaq.
Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi bir sıra qanunlara edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, uşaqlarla bağlı qanunvericilikdə terminoloji vahidlik təmin edilib. Belə ki, bundan sonra normativ hüquqi aktlarda “valideyn himayəsindən məhrum olmuş uşaq” anlayışından vahid termin kimi istifadə olunacaq.
Bununla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqların anlayışı yenidən dəqiqləşdirilib, bu kateqoriyaya aid edilən şəxslərin dairəsi, onların sosial müdafiə, təhsil, tibbi xidmət və dövlət təminatı ilə bağlı hüquqları mövcud qanunvericiliklə uyğunlaşdırılıb.
Qəbul edilən dəyişikliklər hüquqi tənzimləmədə vahid yanaşmanın formalaşdırılmasına, normativ aktlar arasında ziddiyyətlərin aradan qaldırılmasına və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının daha effektiv qorunmasına xidmət edir.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.