Dünən

Zelenski: "Rusiyanın hücumları nəticəsində Qətər səfirliyi zərər çəkib"

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi hücumlar nəticəsində Qətər səfirliyinin binası zərər görüb.

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” səhifəsində məlumat yayıb.

Zelenskinin sözlərinə görə, gecə saatlarında Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Qətərin Kiyevdəki diplomatik nümayəndəliyinə zərər vurub. O qeyd edib ki, Qətər Rusiya həbsxanalarında saxlanılan ukraynalı hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi istiqamətində fəal vasitəçilik səyləri göstərir.

Ukrayna Prezidentinin açıqlamasına əsasən, gecə hücumları zamanı Rusiya ordusu Ukraynaya qarşı 242 pilotsuz uçuş aparatı, 13 ballistik raket, bir orta mənzilli “Oreşnik” ballistik raketi və 22 qanadlı raket tətbiq edib. Zərbələr əsasən enerji obyektlərinə və mülki infrastruktura yönəlib.

Zelenski bildirib ki, Kiyev və ətraf ərazilərdə hücumlar nəticəsində ən azı 20 yaşayış evi zərər görüb. İlkin məlumata görə, paytaxtda dörd nəfər həlak olub.

“Zərbələr kəskin soyuqların başladığı bir vaxtda endirilib. Bu, birbaşa dinc əhaliyə qarşı yönəlmiş hücumdur. Hazırda insanları istilik və elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar səfərbər olunub”, – deyə, Ukrayna Prezidenti vurğulayıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?