Dünən

BMT Azərbaycana dair iqtisadi artım proqnozunu açıqlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) son qiymətləndirməsinə görə, Azərbaycanda iqtisadi artım yaxın iki ildə mülayim templə davam edəcək. Təhlil.az xəbər verir ki, təşkilat 2026-cı ildə ölkə iqtisadiyyatının 2,7 %, 2027-ci ildə isə 2,6 % artacağını proqnozlaşdırır.

BMT-nin hesabatında qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda iqtisadi artım 1,6 % səviyyəsində qeydə alınıb. 2026-cı ildə isə artımın sürətlənməsi əsasən təbii qaz hasilatı və ixracının genişlənməsi, eləcə də qeyri-neft-qaz sektorunda davamlı inkişaf hesabına mümkün olacaq.

Milli proqnozlar isə daha nikbindir. Azərbaycan İqtisadiyyat Nazirliyi 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-ci ildə isə 3,3 % artacağını gözləyir.

Beynəlxalq maliyyə institutlarının və reytinq agentliklərinin qiymətləndirmələri arasında isə müəyyən fərqlər var. S&P Global 2026-cı il üçün 2 %, Fitch Ratings və Moody's isə 2,5 % iqtisadi artım proqnozlaşdırır.

Eyni zamanda, Asiya İnkişaf Bankı Azərbaycanda 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 %, Dünya Bankı isə 2,4 % iqtisadi artım gözləyir.

Ümumilikdə proqnozlar göstərir ki, Azərbaycan iqtisadiyyatı enerji sektoru və qeyri-neft sahələrinin dəstəyi ilə sabit, lakin ehtiyatlı artım trayektoriyasında qalacaq.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?