Dünən

Paşinyan II Qaregini yola salır - TƏHLİL

Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qareginin (Ktriç Nersisyan) postunu tərk etməli olacağına dair açıq bəyanatı ölkədə uzun illər toxunulmaz sayılan bir institutun – Erməni Apostol Kilsəsinin ciddi siyasi təzyiq altına düşdüyünü göstərir. Paşinyanın bu çıxışı təkcə bir şəxsin taleyi ilə bağlı deyil, bu, Ermənistanın dövlət idarəçiliyi, legitimlik anlayışı və hakimiyyət balansı baxımından dərin struktur dəyişikliklərinin anonsudur.

Erməni Apostol Kilsəsi tarixən Ermənistan cəmiyyətində yalnız dini deyil, həm də milli-siyasi legitimlik mənbəyi rolunu oynayıb. Xüsusilə Qarabağ münaqişəsi dövründə kilsə millətçi ideologiyanın əsas dayaqlarından biri olub və keçmiş siyasi elitanın – Robert Köçəryanın və Serj Sarkisyanın komandası ilə faktiki ideoloji ittifaq təşkil edib. Paşinyanın hakimiyyətə gəlişindən sonra isə bu ittifaq tədricən dərin qarşıdurmaya çevrildi. 2020-ci il müharibəsindən sonra kilsənin açıq və gizli şəkildə Paşinyana qarşı mövqe tutması, onun istefasını tələb etməsi Baş nazir üçün kilsəni potensial siyasi müxalifət mərkəzinə çevirdi.

Paşinyanın bəyanatında Serj Sarkisyan nümunəsini xatırlatması təsadüfi deyil. O, demək istəyir ki, Ermənistanda artıq heç bir status, vəzifə və ya müqəddəs institut siyasi toxunulmazlıq yaratmır. “Biz elə etmək istəyirik ki, o öz niyyətindən daşınsın” ifadəsi isə klassik siyasi dildən kənara çıxaraq hakimiyyətin inzibati, hüquqi və institusional rıçaqlardan istifadə edəcəyini açıq şəkildə göstərir. Burada könüllü istefadan çox, idarə olunan məcburiyyət modeli diqqət çəkir.

Qeyd edək ki, 2025-ci ilin dekabrında təqdim edilən və 2026-cı ilin yanvarında Paşinyanla 10 yepiskop tərəfindən imzalanan “Erməni Apostol Kiləsinin yenilənməsinə dair” plan formal olaraq islahat sənədi kimi təqdim edilsə də, mahiyyət etibarilə bu sənəd kilsə daxilində hakimiyyət vertikalını dəyişməyi, katolikos institutunun səlahiyyətlərini zəiflətməyi, dövlətə loyal ruhani elitanı önə çıxarmağı hədəfləyir. Paşinyan prosesin “sarsıntısız” baş verəcəyini iddia etsə də, bu bəyanatın özü Ermənistan cəmiyyətində ciddi bölünmə potensialı daşıyır. Kilsə xüsusilə regionlarda, diasporda və mühafizəkar təbəqələrdə hələ də güclü nüfuza malikdir. Əsas risk ondan ibarətdir ki, II Qareginin devrilməsi kilsə daxilində parçalanmaya, radikal-mühafizəkar qrupların fəallaşmasına, diaspor təşkilatlarının Paşinyana qarşı daha sərt mövqe tutmasına səbəb ola bilər. Digər tərəfdən, Paşinyan üçün bu addım siyasi risk olsa da, strateji qazanc da vəd edir. O, paralel legitimlik mərkəzini sıradan çıxararaq hakimiyyətini tək mərkəzli hala gətirir.

Onu da qeyd etmək lazımdır ki, bu proses təkcə Ermənistanın daxili işi deyil. Kilsənin zəifləməsi ilə Ermənistanın xarici siyasət diskursunda da dəyişikliklər mümkündür. Çünki Erməni Apostol Kilsəsi uzun illər anti-Türkiyə və anti-Azərbaycan ritorikasının ideoloji dayaqlarından biri olub. Onun təsirinin azalması Paşinyana daha praqmatik regional siyasət yürütmək, sülh gündəmini kilsə təzyiqi olmadan davam etdirmək imkanı yaradacaq. Bu baxımdan Nikol Paşinyanın II Qareginlə bağlı bəyanatı Ermənistan üçün tarixi dönüş nöqtəsidir. Bu, sadəcə bir katolikosun taleyi deyil, dövlətlə din arasındakı sərhədlərin yenidən çəkilməsi, köhnə siyasi-milli simvolların sıradan çıxarılması və Paşinyanın “yeni Ermənistan” layihəsinin daha sərt fazaya keçməsidir. Bu prosesin sarsıntısız olub-olmayacağı isə təkcə Paşinyanın siyasi iradəsindən deyil, kilsənin, cəmiyyətin və diasporun verəcəyi reaksiyadan asılı olacaq.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?