Dünən

Avrasiyada güc balansı və Orta Dəhliz: Azərbaycanın strateji qazancı - ŞƏRH

Orta Dəhlizin inkişafı ilə bağlı son açıqlamalar göstərir ki, layihə artıq ideya və ya alternativ marşrut statusundan çıxaraq Avrasiya məkanında sistemli və strateji əhəmiyyətli nəqliyyat arteriyasına çevrilməkdədir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müşaviri Emil Məmmədovun vurğuladığı məqamlar, xüsusilə Şərq istiqamətli daşımaların formalaşdırılmasının növbəti mərhələ kimi önə çəkilməsi, Orta Dəhlizin inkişaf məntiqində keyfiyyət dəyişikliyindən xəbər verir.

Son illərdə Orta Dəhliz əsasən Qərb istiqamətində, yəni Mərkəzi Asiyadan və Çindən Avropaya doğru yüklərin daşınması kontekstində inkişaf edirdi. Bu, qlobal geosiyasi risklər, ənənəvi marşrutlarda (şimal və cənub dəhlizlərində) qeyri-müəyyənliklər fonunda Avropa bazarlarının alternativ və etibarlı tranzit xəttinə artan tələbatı ilə bağlı idi. Azərbaycan isə bu prosesdə sadəcə tranzit ölkə rolunda deyil, koordinasiya edən, təşəbbüskar və infrastruktur yaradan əsas aktor kimi çıxış etdi. ADY-nin Orta Dəhlizi konsepsiyadan real əməliyyat səviyyəsinə keçirməsi, faktiki olaraq Azərbaycanın regional nəqliyyat memarı rolunu möhkəmləndirdi.

İndi isə gündəmdə daha mürəkkəb və strateji bir mərhələ dayanır: Orta Dəhlizin iki istiqamətli, yəni həm Qərbə, həm də Şərqə doğru işləyən sabit və proqnozlaşdırıla bilən nəqliyyat modelinə çevrilməsi. Bu mərhələdə əsas məsələ təkcə yüklərin həcmini artırmaq deyil, marşrutun etibarlılığını, vaxt və xərc baxımından rəqabət qabiliyyətini təmin etməkdir. 2026-cı ilin Şərq istiqamətli real həcmlərə keçid ili kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Bu, Orta Dəhlizin “alternativ” yox, “daimi seçim” statusu qazanması deməkdir.

Azərbaycan üçün bu prosesin faydaları çoxşaxəlidir. İlk növbədə, tranzit həcmlərinin artması ölkənin qeyri-neft sektorunda davamlı gəlir mənbəyinin formalaşmasına xidmət edir. 2025-ci ildə 5,2 milyon ton, 2027-ci ildə 10 milyon ton, 2030-cu ildə isə 11,4 milyon ton yük dövriyyəsi proqnozları göstərir ki, nəqliyyat və logistika Azərbaycan iqtisadiyyatında strateji sahəyə çevrilir. Bu, həm dövlət büdcəsinə daxilolmaların artması, həm də logistik xidmətlər, sığorta, liman əməliyyatları, dəmir yolu və dəniz daşımaları üzrə yeni biznes ekosisteminin formalaşması deməkdir.

İkinci mühüm məqam Azərbaycanın geosiyasi çəkisinin artmasıdır. Orta Dəhliz üzərində liderlik təkcə infrastrukturla ölçülmür. Bu, tərəfdaş ölkələr arasında etimadın formalaşdırılması, marşrut üzrə tariflərin, qrafiklərin və texniki standartların koordinasiyası deməkdir. “Middle Corridor Multimodal” birgə müəssisəsi məhz bu baxımdan Azərbaycanın institusional liderliyinin göstəricisidir. Avropanın aparıcı logistika və nəqliyyat şirkətləri - HHLA, “Rhenus Logistics”, “DB Cargo”, MSC, “Rail Cargo Group” ilə qurulan dialoq isə Azərbaycanın artıq regional deyil, qlobal logistik şəbəkənin mühüm qovşaqlarından birinə çevrildiyini təsdiqləyir.

Region ölkələri üçün də Orta Dəhlizin inkişafı mühüm dividendlər vəd edir. Mərkəzi Asiya dövlətləri olan Qazaxıstan, Özbəkistan, Türkmənistan dünya bazarlarına çıxış baxımından daha qısa, təhlükəsiz və siyasi riskləri nisbətən az olan marşrut əldə edirlər. Gürcüstan üçün bu layihə ölkənin tranzit rolunu möhkəmləndirir, Türkiyə isə Orta Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında körpü funksiyasını daha da gücləndirir. Bu qarşılıqlı asılılıq regionda iqtisadi inteqrasiyanı artırır və uzunmüddətli sabitliyə töhfə verir.

Dünya ticarəti kontekstində isə Orta Dəhlizin əhəmiyyəti daha geniş miqyasda qiymətləndirilməlidir. Qlobal tədarük zəncirlərinin şaxələndirilməsi artıq strateji zərurətə çevrilib. Pandemiya, geosiyasi qarşıdurmalar və nəqliyyat riskləri göstərdi ki, bir və ya iki marşrutdan asılılıq dünya ticarəti üçün ciddi təhdid yaradır. Orta Dəhliz bu baxımdan Avrasiya məkanında balans yaradan alternativdir. O, ticarətin daha çevik, daha dayanıqlı və daha təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan verir.

Nəticə etibarilə, Orta Dəhlizin inkişafı təkcə nəqliyyat layihəsi deyil, Azərbaycanın regional və qlobal mövqeyinin strateji şəkildə möhkəmləndirilməsidir. Şərq istiqamətli daşımaların formalaşdırılması ilə bu dəhliz birtərəfli tranzit xəttindən çıxaraq tamhüquqlu, iki istiqamətli ticarət arteriyasına çevrilir. Bu prosesdə Azərbaycanın lider rolu artıq fakt kimi qəbul olunur və qarşıdakı illərdə bu liderliyin həm iqtisadi, həm siyasi dividendlərinin daha aydın şəkildə görünəcəyi gözlənilir.

Hikmət Həsənov

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?